İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN rəhbəri: GUAM ərazisində münaqişələr ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll edilməlidir

XİN rəhbəri: GUAM ərazisində münaqişələr ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll edilməlidir

09.10.2017

Xarici İşlər Naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən GUAM üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunmuş iclasında çıxış edib.

XİN-dən Trend-ə verilən məlumata görə, çıxışında Elmar Məmmədyarov Azərbaycanın GUAM-ın fəal üzv dövləti olaraq təşkilatın inkişafına və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə əsaslı töhfə verdiyini qeyd edərək təşkilat çərçivəsində uğurlu fəaliyyətin qarşılıqlı inam və dəstək üzərində qurulduğunu dedi.

Elmar Məmmədyarov 20 il öncə GUAM-ın regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi və üzv dövlətlər arasında iqtisadi inkişaf və əlaqələndirmənin təşviq edilməsi məqsədilə yaradıldığını deyərək GUAM-ın üzv dövlətlər və onların tərəfdaşları arasında çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün xüsusi regional platformanı təmin etdiyini diqqətə çatdırdı.

GUAM üzv dövlətləri ərazisində olan həlli uzadılmış münaqişələrə toxunan nazir Elmar Məmmədyarov bu münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğuladı.

GUAM daxilində strateji səviyyədə münasibətlərin iqtisadi əlaqələrin genişləndirilməsi və ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli mühiti təşviq etdiyini deyən Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin GUAM regionu daxilində və onun ətrafında yerləşən ölkələr üçün tranzit körpüsü rolunu oynayacağını qeyd etdi. Bu xüsusda, Avropa və Asiyanı birləşdirən GUAM Nəqliyyat Dəhlizinin təşviqinin vacibliyinə diqqətə çəkdi.

Elmar Məmmədyarov Azərbaycanın GUAM daxilində müxtəlif sahələr üzrə əməkdaşlıqdan məmnun olduğunu qeyd etdi və üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün birgə səylərin daha da artırılmasının vacibliyini vurğuladı.

Nazir bildirdi ki, son 20 ildə GUAM üzv ölkələri tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan yaxın əməkdaşlıq əlaqələri qurmağa nail olublar və üzv ölkələr arasında inamın və həmrəyliyin artması təşkilatın işini daha da müvəffəqiyyətli edəcək.