İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Oqtay Əsədov: Özgə torpaqlarının qəsbinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir

Oqtay Əsədov: Özgə torpaqlarının qəsbinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir

17.10.2017

Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir.

Trend-in Milli Məclisin saytına istinadən məlumatına görə, bunu Sankt-Peterburqa səfər zamanı spiker Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxışında deyib.

Spikerin sözlərinə görə, təəssüf ki, ötən 25 il ərzində Ermənistan mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur və beynəlxalq hüquq qaydalarını kobudcasına pozmaqda davam edir. Qəribədir ki, təcavüzkarı beynəlxalq təşkilatların qərarlarına əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşılmasına gətirib çıxarır.

O.Əsədov daha sonra deyib ki, Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş və işğal etdiyi ərazilərdə etnik təmizləmə aparmış Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini xristian–müsəlman qarşıdurması kimi qələmə verməyə çalışır. Məqsəd Azərbaycanın əzəli və tarixi torpağı olan Dağlıq Qarabağ bölgəsində etnik separatizmə dinlərarası münaqişə donu geyindirmək, eyni zamanda, ənənəvi xristian ölkələrində xristian həmrəyliyi duyğularını istismar etmək yolu ilə qonşu ölkəyə qarşı qəsbkarlıq siyasətinə haqq qazandırmaqdır. Bu qəsbkarlıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi işğal altındadır, 1 milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətində yaşayır. İşğalçılıq müharibəsinin gedişində 20 minə yaxın dinc azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, bir neçə yaşayış məntəqəsində, o cümlədən Xocalı şəhərində dəhşətli soyqırımı cinayətləri törədilib.

Parlament sədri deyib: "Biz hesab edirik ki, etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün dünyada sülh və təhlükəsizlik üçün nə dərəcədə qorxulu olduğu hamılıqla qəbul edilməlidir. Beynəlxalq birlik özündə güc tapıb qəti tədbirlər görməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında həll edilməlidir. Azərbaycan bu gün dünya birliyinin üzləşdiyi ağır problemlərin həlli və sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səyləri birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırdır".

Azərbaycanın multikulturalizm və tolerantlıq modelindən söz açan O.Əsədov qeyd edib ki, ölkəmizin dünyaya təqdim etdiyi demokratik cəmiyyət nümunəsi etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilməsinə, ölkədə yaşayan xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanır: "Azərbaycanda dövlət siyasətinin mühüm bir istiqamətini mədəniyyətlərarası, dinlərarası dialoqun və multikulturalizmin dəstəklənməsi təşkil edir. Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir. Tamamilə məntiqlidir ki, bizim ölkəmizdə 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan olunub".

Milli Məclis sədrinin sözlərinə görə, bu gün müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən dünya və qitə miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi ənənə halını alıb. Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühiti yaradılıb və bu prinsiplər milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qorunub saxlanıb. Dini tolerantlığın və dinlərarası dialoqun möhkəmləndirilməsi, dini etiqad azadlığının inkişaf etdirilməsi üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.