İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qulam İshaqzai: BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə böyük maraq göstərir

Qulam İshaqzai: BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə böyük maraq göstərir

23.10.2017

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzainin müsahibəsi

Bu il Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əlaqələrin 25 illiyi qeyd olunur. 25 illik əməkdaşlığı necə qiymətləndirirsiniz?

- 2017-ci il BMT-Azərbaycan münasibətləri üçün olduqca əlamətdar ildir. Çünki eyni vaxtda Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün və Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda fəaliyyətə başlamasının 25-ci ildönümünü qeyd edirik. Bu ildönümlər Azərbaycan-BMT əməkdaşlığının bir çox nailiyyətləri barədə düşünməyə və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirməyə imkan verir.

Mən bu əlaqələrin 25 illik tarixçəsini üç dövrə bölmək istərdim. Birinci dövr Azərbaycanın müstəqilliyinin ilk illərində BMT-nin yardımı ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda baş verən münaqişədən zərər çəkən qaçqınların və məcburi köçkünlərin zəruri ehtiyaclarının ödənilməsinə yönəlmişdi. BMT Azərbaycan hökumətinin münaqişədən zərər çəkmiş əhalini təcili ərzaq, sığınacaq və sağlamlıq, təhsil, su və kanalizasiya infrastrukturu ilə təmin etmək səylərinə dəstə verirdi. Hesab edirəm ki, münaqişənin ilk illərində kəskin humanitar fəlakətin qarşısının alınmasında BMT-nin rolu həlledici olmuşdur. İkinci dövrdə Azərbaycan yenidən sabitliyi bərpa etdikdən sonra Birləşmiş Millətlər Təşkilatı məcburi köçkünlərin rifah halını yaxşılaşdırmaq və infrastruktur dəstəyi təmin etmək üçün fəaliyyət istiqamətini humanitar yardımdan münaqişədən sonrakı bərpa prosesinə yönəltdi. Bu dəstəyin iki parlaq nümunəsi kimi hal-hazırkı dövrədək fəaliyyətini uğurla davam etdirən Azərbaycan Reabilitasiya və Rekonstruksiya Agentliyini (ARRA, 1997-ci ildə yaradılmışdır) və Azərbaycan Respublikası Ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA, 1998-ci ildə yaradılmışdır) maliyyələşdirməyə və onların potensialını yaxşılaşdırmağa yönəlmiş BMT səylərini qeyd etmək olar.

Üçüncü dövrdə, 2000-ci ildə Minilliyin İnkişaf Məqsədləri (MİM) qəbul olunduqdan sonra BMT sistemiAzərbaycanda yoxsulluğun azaldılması üzrə iki dövlət proqramının hazırlanması və həyata keçirilməsi də daxil olmaqla, uzunmüddətli inkişaf planlarının və strategiyalarının dəstəklənməsinə diqqət yönəltmişdir.

BMT sistemi Azərbaycana Minilliyin İnkişaf Məqsədlərinin bir çoxuna, o cümlədən yoxsulluğun 49%-dən 5%-ə qədər azaldılması, təhsilin bütün səviyyələrində demək olar ki, 100% əhatənin təmin olunması və qadınların hüquq və imkanlarının artırılmasında böyük irəliləyişə nail olmasına töhfə vermişdir. Bundan başqa hər 1000 diri doğuş arasında 5 yaşadək olan uşaqlar arasında ölüm sayı 28-dən 12,8-ə enmiş, ana və uşaq ölümü əhəmiyyətli dərəcədə azalmış, infeksion xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, malyariyanın qarşısı tamamilə alınmışdır.

Bundan əlavə, nisbətən qısa bir müddət ərzində Azərbaycan özünü keçid iqtisadiyyatından yüksək insan inkişafı indeksi olan yüksək orta gəlirli ölkəyə çevirmişdir. Bu tərəqqi Azərbaycanı etibarlı və mühüm beynəlxalq və regional tərəfdaşa çevrilmişdir.

Bunlar tərəfdaşlığımızın sadəcə bəzi nəticələridir. Aydındır ki, 25 illik olduqca səmərəli əməkdaşlıqdan sonra biz bütün azərbaycanlılar üçün daha yaxşı gələcək qura biləcəyimiz möhkəm təməl formalaşdırmağa nail olmuşuq.

Bu mühüm mərhələni qeyd etmək üçün son 25 ildə bizim yaxın əməkdaşlığımızı və tərəfdaşlığımızı nümayiş etdirən bir kitab tərtib etmişik. Kitab bizim veb-səhifəmizdən [linki və ya hiperlinki] əldə oluna bilər.

- BMT də daxil olmaqla beynəlxalq təşkilatların uzun illər davam edən səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. BMT uzun müddətdir ki davam edən bu münaqişəni ətalət nöqtəsindən çıxarmaq üçün hansı töhfəni verə bilərdi?

- BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə böyük maraq göstərir və tərəflərin bu istiqamətdə irəliləyişlərə nail olması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.

BMT-nin Baş Katibi oktyabrın 16-da Ermənistan və Azərbaycan prezidentləri arasında İsveçrənin Cenevrə şəhərində keçirilmiş zirvə görüşünü alqışlamışdır. O, danışıqlar prosesini intensivləşdirmək və Təmas Xəttində gərginliyin azaldılması üçün əlavə addımlar atmaq üçün tədbirlər görmək barədə prezidentlər arasında əldə olunmuş razılaşmanı rəğbətlə qarşılamışdır.

Baş Katib tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq istiqamətində qeyd olunan zirvə görüşündə yaranmış müsbət dinamikanı qoruyub saxlamağa çağırmışdır.

Həmçinin qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən son iclasının gedişində Baş Katib Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrılıqda görüşmüş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi ilə bağlı son hadisələr barədə fikir mübadiləsi aparmışdır. O, həmçinin BMT-nin hal-hazırda davam etdirilən sülh səylərinə dəstəyini də vurğulamışdır.

BMT Təhlükəsizlik Şurası Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin Ermənistan indiyədək bu qətnamələri yerinə yetirməmişdir. BMT qeyd olunan qətnamələrin yerinə yetirilməsinə nail olmaq üçün hansı mexanizmləri tətbiq edilməlidir?

- Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən münaqişənin gedişində, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən BMT Baş Katibi, ATƏT-in Minsk qrupunun gərginliyi azaltmaq və münaqişənin sülh yolu ilə və danışıqlar yolu ilə uzunmüddətli həllinə nail olmaq səylərinə tam dəstək ifadə etmişlər.

BMT Təhlükəsizlik Şurasının 21 fevral 2017-ci il tarixində keçirilmiş Avropadakı münaqişələrə həsr olunan açıq müzakirələrində BMT-nin Baş Katibi bəyan etmişdir ki, “milli suverenliyə və ərazi bütövlüyünə birbaşa təhdidlər bizə BMT-nin Nizamnaməsinə uyğun olaraq sülh və əmin-amanlığı bərqərar etmək üçün qanunun aliliyinə əsaslanan beynəlxalq nizam-intizamı qoruyub saxlamaq və gücləndirmək istiqamətində birgə fəaliyyət göstərməli olduğumuzu xatırladır.” Bu baxımdan, BMT öz Nizamnaməsinin bütün müddəalarına tam riayət olunmasını, eləcə də üzv ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrinin həyata keçirilməsini dəstəkləyir.

- Azərbaycanın Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində səylərini necə qiymətləndirirsiniz?

2015-ci ilin sentyabr ayının 25-də BMT-yə üzv olan 193 dövlət, o cümlədən Azərbaycan 2030-cu ilin Davamlı İnkişaf Gündəliyini qəbul etmişdir. Gündəlikdə 2030-cu ilədək əldə olunacaq 17 universal Davamlı İnkişaf Məqsədləri (DİM) və 196 hədəf müəyyən edilmişdir. Hazırda Birləşmiş Millətlər Təşkilatının 18 rezident və qeyri-rezident agentliyi Hökumətlə sıx əməkdaşlığı davam etdirir və Azərbaycanın qeyd olunan 17 davamlı inkişaf məqsədinə nail olmaq səylərinə dəstək verir.

Azərbaycan Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixində Davamlı İnkişaf üzrə Milli Koordinasiya Şurasının yaradılması haqqında fərman imzalamasından sonra 2030-cu ilin Davamlı İnkişaf Gündəliyinə nail olmaqla bağlı siyasi idarəsini ən yüksək səviyyədə nümayiş etdirilmişdir. Şuranın əsas məqsədi Davamlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi, tətbiqi və monitorinqi ilə bağlı hökumətin və digər milli iştirakçıların səylərini əlaqələndirməkdən ibarətdir. Yarandığı gündən, Şura Birləşmiş Millətlər Təşkilatı sistemində mövcud olan geniş məlumat, təcrübə və ekspert biliklərinin geniş hissəsini özündə birləşdirən Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi və milliləşdirilməsi istiqamətində BMT qurumları ilə sıx əməkdaşlıq edir.

2017-ci ilin iyul ayında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilmiş Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Könüllü Milli İcmalın tərkib hissəsi kimi Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əldə olunan irəliləyişlər barədə məruzə etmiş 43 ölkə arasında yer almışdır.

Qlobal məqsədlərə və razılaşmalara sadiqliyinin tərkib hissəsi kimi Azərbaycan 173 digər ölkə ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasına əsaslanan Paris Konvensiyasını imzalamaq və ratifikasiya etmək istiqamətində ciddi addım atmışdır. Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın Paris müqaviləsi çərçivəsində öhdəliklərinə dəstək verməyə hazırdır.

- 2017-ci ilin yanvarında BMT və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə dair çərçivə sənədini həyata keçirmək üçün üç işçi qrupu yaratmışlar. Sənədin icrasına dair vəziyyəti şərh edə bilərsinizmi?

Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə dair çərçivə sənədi yardımlar üzərində qurulan əməkdaşlıqdan tərəfdaşlığa əsaslanan əməkdaşlığa keçidi şərtləndirməklə Birləşmiş Millətlər Təşkilatları ilə Azərbaycan Hökuməti arasında imzalanmış dördüncü əməkdaşlıq sənədidir. Bu çərçivə sənədində ölkənin “Azərbaycan - 2020: Gələcəyə baxış”, eləcə də “Davamlı İnkişaf Məqsədləri” sənədlərində nəzərdə tutulan inkişaf hədəfləri əsas götürülmüşdür. Sənəd bir sıra inkişaf tərəfdaşları, o cümlədən vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr əsasında hazırlanmışdır.

Sənəddə strateji və qarşılıqlı əlaqəsi olan üç prioritet sahə üzrə BMT-nin dəstəyi ifadə edilmişdir: artan şaxalənmə və layiqli iş sayəsində davamlı və kompleks iqtisadi inkişafın təşviq edilməsi; institusional imkanları və effektiv ictimai və sosial xidmətlərin gücləndirilməsi; və ətraf mühitin idarə edilməsi və təhlükələrə və fəlakətlərə qarşı davamlılığın artırılması.

Bu məqsədlərə çatmaq üçün BMT İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlıq etməklə may ayında Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə dair çərçivə sənədinin nəticələrini qiymətləndirmək məqsədilə 3 qrup yaradılmışdır. Həmin qruplar tərəfindən Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə dair çərçivə sənədinin geniş strateji nəticələrinə nail olmaq üçün tələb olunan konkret tədbirlərin və resursların yer aldığı 2017-ci il üzrə üç birgə iş planı hazırlanmışdır.

- Azərbaycanın dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz?

- Son illərdə Azərbaycan millətlər arasında mədəniyyətlərarası dialoqa və dini tolerantlığa və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə töhfə verməyə sadiqliyini nümayiş etdirmək məqsədilə BMT ilə sıx əməkdaşlıq şəraitində bir sıra yüksək səviyyəli tədbirlər keçirmişdir. Azərbaycan BMT təsisatları və Avropa Şurası ilə əməkdaşlıq şəraitində 2016-cı ildə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna və 2017-ci ildə keçirilmiş “Mədəniyyətlərarası dialoqun təşviqi: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir. Bunlar, dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı anlayış, hörmət və tolerantlığı bərqərar etmək məqsədilə 2008-ci ildə başlanan və başlanan “Bakı prosesi” çərçivəsində təşkil edilmiş konfranslar seriyasında ən son tədbirlərdir.

Azərbaycan güclü mədəni ənənələrə əsaslanan müasir dünyəvi dövlət quran dinamik inkişaf edən ölkədir. Azərbaycan xalqının tolerantlığı və prezident İlham Əliyevin siyasi iradəsi xalqların milli inkişafına qarşılıqlı hörmət və müxtəlif dinlərin və etnosların harmoniya əsasında birgə yaşadıqları şərait yaratmaq məqsədinə xidmət edir.

Azərbaycanın təcrübəsi inteqrasiya sayəsində əsaslı irəliləyişə nail olmuş ölkə nümunəsi və Birləşmiş Millətlər Təşkilatının üç əsas fəaliyyət məqsədinə:sülh və təhlükəsizlik, insan hüquqları və inkişafa nail olmaq baxımından mükəmməl model hesab oluna bilər.