İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

17.11.2017

"Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik".

Trend-in Türkiyənin "Star" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərinin yekunlarını şərh edərkən bildirib.

Türkiyə Prezidenti bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Onun sözlərinə görə, görüşdə Rusiyanın bu məsələyə daha çox önəm verməsinin faydalı olması qeyd edilib.

Trend-in məlumatına görə, “Habertürk” qəzeti Türkiyə Prezidentinin görüşlə bağlı fikirlərini yayıb: "O özü də (Vladimir Putin - red.) belə düşünür, lakin mənim fikrimcə, tərəflərin tutduğu mövqe ilə əlaqədar çox ümidli deyil. Mən 5 rayonun azad edilməsi ilə bağlı qərarın olmasını xatırlatdım və onların bu rayonları tərk etməli olduqlarını vurğuladım. Ərazilərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının da qətnamələri var. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri həmin rayonları tərk etmirlər. Əgər bu rayonlar işğaldan azad edilsə, əzəli sakinlər doğma yerlərinə qayıda bilərlər".

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş noyabrın 13-də Soçidə keçirilib. Noyabrın 22-də isə Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır.