İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Mərakeşdə təqdimatı keçirilib

24.11.2017

"Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Mərakeşdə təqdimatı keçirilib

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumundan Trend-ə verilən məlumata görə, forumun təşəbbüsü ilə həyata keçirilən “İslam Dünyası Gənclər Paytaxtı” layihəsi çərçivəsində, bu həftə, Mərakeşin Fəs şəhərində “Ekstremizm və zorakılığın qarşısının alınmasında gənclərin rolu” mövzusunda Beynəlxalq Forum baş tutub. Forumda müxtəlif İƏT ölkələrindən olan gənc liderlər və gənclər hərəkatları nümayəndələri, aparıcı universitet professorları, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də yerli dövlət qurumları nümayəndələri iştirak ediblər.

Forumda son dövrlərdə müasir dünyanın bəlasına çevrilən, əsasən də müsəlman ölkələrini hədəf alan ekstremizm, radikallıq və münaqişələr fonunda zorakılığın qarşısının alınması və bu istiqamətdə gənclərin qarşısında duran vəzifələr müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Tədbir vaxtı eyni zamanda İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat Kampaniyasının da təqdimatı keçirilib. İƏT Gənclər Forumunu təmsil edən Sevinc İsgəndərova “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının təqdimatını keçirərək, onun əsas məqsəd və vəzifələri, eləcə də 2009-cu ildən etibarən kampaniya çərçivəsində görülən işlərdən bəhs edib. Tədbirdə iştirak edən Mərakeşin Gənclər və İdman Nazirliyinin rəhbər nümayəndələri, hüquqşünaslar və ekspertlər çıxış edərək, bütün dövrlərdə baş verən bu tipli faciələri, o cümlədən, Xocalıda insanlıq əleyhinə törədilən qətliamı pisləyib, onların dünyada sülh və sabitliyin pozulmasına yol açdığını bildiriblər.

Xatırladaq ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İƏT GF-nun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.