İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsindən danışıb

Ziyafət Əsgərov Rusiya Dövlət Dumasında Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsindən danışıb

04.12.2017

Rusiya Dövlət Dumasında “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq konfrans işə başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konfransda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti iştirak edir.

Dünyanın 44 ölkəsindən parlament rəhbərləri, məsul şəxslər və aparıcı ekspertlər dəvət edildiyi beynəlxalq konfransın plenar iclasında BMT Baş katibinin müavini Yuri Fedotov, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya xarici işlər naziri Sergey Lavrov, səhiyyə naziri Veronika Skvortsova, İndoneziya, İran, Meksika, Pakistan, Özbəkistan, Ekvador parlamentlərinin sədrləri, bir sıra ölkələrin parlament sədrlərinin müavinləri, QHT nümayəndələri çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini “Narkotik asılılıq: müalicəyə və reabilitasiyaya müasir yanaşma”, “Narkotiklərin qeyri-qanunu dövriyyəsi ilə mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi”, “Narkotik təhlükəsi ilə mübarizədə QHT-lərin rolu” mövzularda seksiyalarda davam etdirib. 

Z. Əsgərov “Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda keçirilən seksiyada çıxış edib. O, çıxışında narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşüb: "Narkotik vasitələrin yayılması və ticarəti ilə mübarizə qlobal miqyasda, beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi terrorizmin, separatizmin, qeyri-qanuni silahlı birləşmələrin maliyyələşdirilməsi ilə bilavasitə bağlıdır. Müxtəlif şüarlar, eləcə də öz müqəddəratını müəyyən etmə hüququnun beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan interpretasiyası altında suveren dövlətlərin ərazilərində istənilən qanunsuz fəaliyyətin, o cümlədən narkotiklərin qeyri-qanuni dövriyyəsinin həyata keçirildiyi “boz zonalar” yaradılır. Bu baxımdan, separatizm, dövlətlərin ərazi bütövlüyünün pozulması, o cümlədən ərazilərin bir hissəsinin ayrılmasının narkotrafik, qanunsuz silah dövriyyəsi və terrorizmin maliyyələşdirilməsi kimi cinayətlərlə sıx əlaqəsi aydın görünür. Bu, Azərbaycan Respublikasında, xüsusilə Dağlıq Qarabağla bağlı ciddi narahatlıq doğurur. İşğal olunmuş Dağlıq Qarabağda ölkənin mərkəzi hakimiyyətinin fəaliyyəti tamamilə istisna edilib. Bu isə müxtəlif cinayətkar qrupların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların fəaliyyəti üçün münbit zəmin yaradır”. 

Birinci vitse-spiker həmçinin Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərin sosial həyata qaytarılması üçün kompleks tədbirlər görüldüyünü vurğulayıb. O, narkotik vasitələrlə əlaqədar Azərbaycan qanunvericiliyində əksini tapmış cəza təbirləri ilə yanaşı, ölkədə narkomanların resosializasiyası üçün yaradılan şərait barədə məlumat verib. 

Qeyd edək ki, iki gün davam edəcək konfransın yekunlarına dair birgə bəyannamə qəbul ediləcək.