İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan Almaniyanın erməni separatçılarına viza verməməsini ərazi bütövlüyünə dəstək kimi qiymətləndirir

Azərbaycan Almaniyanın erməni separatçılarına viza verməməsini ərazi bütövlüyünə dəstək kimi qiymətləndirir

23.01.2018

Xarici İşlər Nazirliyində Azərbaycan və Almaniya arasında XİN-lərarası növbəti siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniyanı isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.

X. Xələfov Xarici İşlər Nazirlikləri çərçivəsində siyasi məsləhətləşmələrin daimi əsasda aparılmasının ənənə kimi qəbul edildiyini, bu ənənənin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından faydalı platforma olduğunu bildirib.

A. Peşke isə Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfəri, eləcə də Höte Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğulayıb.

X. Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini, Federal Hökumətin dəstəyi ilə bu sahədə irəliləyiş əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Həmçinin qarşı tərəflə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahəsində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

X. Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, separatçı rejimin nümayəndələrinə Almaniya hökuməti tərəfindən viza verilməməsi ilə bağlı qərarının Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

A. Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu, münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb. O, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərdiyini də əlavə edib.

A.Peşke 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək, bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti, readmissiya, miqrasiya məsələləri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.