İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Robert Sekuta: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artıracaq"

Robert Sekuta:

24.01.2018

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov yanvarın ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  Ə. Həsənov görüşdə qeyd edib ki, son 24 ildə donor ölkə, beynəlxalq və yerli humanitar təşkilatlar tərəfindən Azərbaycanda  humanitar, vətəndaş cəmiyyətinin gücləndirilməsi, demokratik islahatlar, texniki və digər inkişaf layihələri ilə bağlı həyata keçirilən layihələrə sərf olunmuş vəsait təxminən 1,4 mlyard dollar həcmində olub. Bunun 820 milyon dolları ABŞ Dövlət Departamenti, Müdafiə və Kənd Təsərrüfatı nazirliklərinin ayırdığı vəsaitdir və bu vəsaitinin icrası ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. 1993-2000-ci illərdə ABŞ-ın Azərbaycanda humanitar və inkişaf proqramlarının həyata keçirilməsi sahəsində 33 təşkilatı olub, hazırda 6 beynəlxalq humanitar və inkişaf təşkilatı fəaliyyət göstərir. Baş nazirin müavini diqqətə çatdırıb ki, ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) ilə Azərbaycan hökuməti arasında hər zaman sıx münasibətlər olub.

ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta isə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. O qeyd edib ki, ABŞ hökuməti tərəfindən məcburi köçkünlər üçün məktəb binalarının tikintisi, onların təmiri, ingilis dili kurslarının təşkili, su təchizatının yaxşılaşdırılması kimi layihələr həyata keçirilib və bundan sonra da bu istiqamətdə prioritet təşkil edən layihələr davam etdiriləcək: “Bugünki görüşün məqsədi məhz gələcəkdə həyata keçiriləcək layihələrin daha prioritet sahələrə yönəlməsi ilə bağlı müzakirələr aparmaqdır. Bu günlərdə Abşeron rayonunda məcburi köçkünlərlə bağlı yeni bir layihənin başlanması nəzərdə tutulur”.

R. Sekuta diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi bu yaxınlarda istismara veriləcək. Həmin müəssisə orada və ətraf rayonlarda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına və işlə təmin olunmasına köməklik göstərəcək.  Əli Həsənov isə deyib ki, Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 ev tikilərək sakinlər öz doğma torpaqlarına qayıdıblar, müvafiq infrastruktur obyektləri ilə birlikdə daha 100 evin tikintisi də başa çatdırılıb və yaxın zamanlarda digər sakinlər də öz kəndlərinə qayıdacaqlar: “Bunları nəzərə alaraq sakinlər arasında reabilitasiya, iş qabiliyyətinin, milli adət-ənənələrinin bərpası kimi proqramların həyata keçirilməsi məqsədə uyğun olardı. Ötən ilin noyabırında Tərtər rayonunda açılışı olan yeni yaşayış kompleksi də əslində işğaldan azad edilmiş torpaqlarda tikilib”.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. R. Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını, rəsmi Vaşinqton münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb: “Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən və tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq”.