İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Kanada Azərbaycanın ərazi bütövlüyünü tanıyır

28.01.2018

2017-ci il sentyabrın 2-də Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş, bununla da Xarici İşlər Nazirliyi tərəfindən adları “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Kanada parlamentinin üzvləri Toni Kleman və Reyçel Harderlə bağlı Kanadadakı səfirliyimiz bu ölkənin Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota ünvanlamışdı.

Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentindən daxil olmuş cavab notasında Kanadanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir daha bəyan edilir. Həmçinin Kanadanın “Dağlıq Qarabağ respublikası” və ya onu təmsil edən “rəsmiləri” tanımadığı bildirilir və Kanada hökumətinin münaqişənin ATƏT-in Minsk prosesi çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi vurğulanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin KİV-ə açıqlamasında bildirilir.

XİN-in sözçüsü qeyd edib ki, notada Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmiş Kanada parlamentinin iki üzvünün Kanada hökuməti adından səfər etmədiyi və Kanada hökumətinin bu plan barədə əvvəlcədən xəbərdar edilmədiyi qeyd edilir. Notada, həmçinin Kanadanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarına girişlə bağlı Azərbaycanın siyasətindən məlumatlı olduğu, bu səbəbdən öz vətəndaşlarını işğal edilmiş ərazilərə səfərlərdən çəkinməyə çağırdığı və Azərbaycan hökumətinin razılığı olmadan bu kimi səfərlərin Azərbaycan Respublikasının qanunlarına əsasən qeyri-qanuni olduğu vurğulanır.