İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan AŞPA-nı Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına xüsusi diqqət yetirməyə çağırdı

Azərbaycan AŞPA-nı Ermənistanın beynəlxalq humanitar hüququ pozmasına xüsusi diqqət yetirməyə çağırdı

28.01.2018

Silahlı münaqişələr zamanı istənilən hərəkətlər mülki şəxslərə qarşı deyil, kombatantlara qarşı yönəlməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Vüsal Hüseynov AŞPA-nın qış sessiyasında deyib.

“Beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri kombatatntlar və mülki şəxslər arasında sərhəddin müəyyən edilməsidir. Təəssüf ki, biz bir çox hallarda mülki şəxslərə qarşı qəsdən törədilmiş hücumların şahidi oluruq. Bununla əlaqədar bir misal gətirmək istəyirəm: ötən ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisinə qəsdən açılmış atəş nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi həlak olub. Bunun Ermənistanın öz üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə zidd olmasına baxmayaraq, məsələ ilə bağlı araşdırma aparılmayıb və bu cinayəti törədənlər dindirilməyib”,-deyə o xatırladıb.

Deputat xatırladıb ki, AŞPA-nın dünənki sessiyasında Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş ərazisi olan Xocalıda mülki şəxslərin qətlə yetirilməsində şəxsən iştirak etdiyini etiraf edib və bununla da bu aktın soyqırım olduğunu bir daha təsdiqləyib.

"Bu cür müzakirələrdə iştirak edərəkən yalnız sözlərlə kifayətlənib, cinayətkarların əsl simasını onların tutduğu vəzifələrdən asılırı olmayaraq ifşa etməməklə biz insanlar arasında nüfuzumuzu itiririk ",- deyə Vüsal Hüseynov bildirib.

Deputat vurğulayıb ki, uşaqlar silahlı münaqişələr zamanı əhalinin ən həssas qrupuna aiddir.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə gəlib.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.