İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanı cəbhə xəttində gərginliyi azaltmağa çağırıb

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanı cəbhə xəttində gərginliyi azaltmağa çağırıb

11.02.2018

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırıblar.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında yerləşdirilmiş bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçiriblər.

Bəyanatda daha sonra qeyd edilir: "Hər iki paytaxtda həmsədrlər xarici işlər nazirləri ilə görüşlər keçiriblər. Həmçinin, fevralın 9-11-də həmsədrlər Dağlıq Qarabağa səfər etmiş və Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə konkret yerləri ziyarət etmişlər".

Həmsədrlər 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, eləcə də Viyana və Sankt-Peterburqdaki görüşlərdə qoyulmuş bütün öhdəliklərin vicdanla yerinə yetirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Bəyanata görə, həmsədrlər son zamanlar təmas xəttində insanların ölümündən dərin narahatlıqlarını ifadə ediblər. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, eləcə də təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıblar.

Daha sonra həmsədrlərin bəyanatında qeyd edilir: "Həmsədrlər bir daha bəyan edirlər ki, güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların öz müqəddəratlarını təyin etmək, bərabər hüquqlara malik olmaq prinsiplərinə əsaslanan Helsinki aktına dayanaraq münaqişənin sülh yolu ilə həllinin tapılmasında tərəflərə kömək etməkdə israrlıdırlar. Həmsədrlər hazırki seçki dövrü nəzərə alınmaqla tərəflərin intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayır".