İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İlham Əliyev: "Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqiyə başlıca maneədir"

İlham Əliyev:

19.02.2018

Prezident İlham Əliyev fevralın 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunan prezident İlham Əliyev onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını deyib.

Dövlət başçısı Avropa Komissiyasına son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə əksini tapdığını vurğulayıb.

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyən Toivo Klaar əməkdaşlığımızın yaxşı perspektivləri olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.

Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir: "Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir".

Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsi üçün Ermənistan işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini geri çəkməyə başlamalı, beynəlxalq hüququn norma və prinsipləri bərqərar olmalıdır.