İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İran Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyini dəstəkləyir

İran Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyini dəstəkləyir

21.02.2018

Fevralın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müdafiə nazirləri əvvəlcə təkbətək sonra isə geniş tərkibdə görüşüblər.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov general-mayor Ə.Hatəmini Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və bu vəzifədə ilk xarici rəsmi səfərini məhz Azərbaycana etməsini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirib.

Nazir Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.

Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda hər iki nazir görüşün nəticələrinə dair mətbuata açıqlama verib.