İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Misir XİN: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın arzusuna uyğun həll olunmasını istəyirik

Misir XİN: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın arzusuna uyğun həll olunmasını istəyirik

22.02.2018

Misirə səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misir ilə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub. İqtisadiyyat naziri Azərbaycanın Ermənistan istisna olmaqla, bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb. Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalaraq torpaqlarının 20 faizini itirib. BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Lakin Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını hələ də işğal altında saxlayır. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsindədir. Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti sülh danışıqlarına və beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Misirin Xarici İşlər naziri S.Şükri Azərbaycana səfər etmək arzusunda olduğunu nəzərə çatdıraraq dost və qardaş Azərbaycanın uğurlarından məmnunluğunu ifadə edib. Nazir rəsmi Qahirənin Azərbaycanın sülh addımlarını dəstəklədiyini vurğulayıb. S.Şükri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyini bildirib: “Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasını istəyir”.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda da fikir mübadiləsinin aparıldığı görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.