İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər

Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər

26.02.2018

Avropa Parlamentində (AP) yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici əlaqələr komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu”nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına baş sağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən gərəkli qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.

Millət vəkili daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasına nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətinin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən qəbul edilən bəyanat çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycan Parlament diplomatiyasının növbəti uğurudur.

Millət vəkili bəyanatın Avropa Parlamentində yenicə yaradılmış “Azərbaycanın Dostları Klubu”nun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Deputatımız onu da qeyd edir ki, bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaqdır və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “... Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcəkdir”.

Xocalı faciəsi ilə bağlı bəyanat ümumilikdə Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti - Andrey Mamikins (Latviya), Norika Nikolai (Rumıniya), İveta Grigule-Peterse (Latviya), Ramona Manesku (Rumıniya), Xavier Nart (İspaniya), Tomaş Zdeçovski (Çexiya), Hannu Takkula (Finlandiya), İvo Vayql (Sloveniya), Angelo Çiokka (İtaliya), Lorenzo Fontana (İtaliya), Mark Tarabella (Belçika), Kristian Buşoi (Rumıniya), Alberto Çirio (İtaliya), Boris Zala (Slovakiya), Aldo Patriçiello (İtaliya), Yana Toon (Estoniya), İlhan Küçük (Bolqarıstan), Franz Obermayr (Avstriya), Valentinas Mazuronis (Litva), Heydi Hautala (Finlandiya), Angel Cambazski (Bolqarıstan) və Salvo Poglieze (İtaliya) tərəfindən imzalanıb.