İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur Bəlkə bu da Azərbaycanın “təqsiridir?”

Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur  Bəlkə bu da Azərbaycanın “təqsiridir?”

14.03.2018

Erməni politoloq Sarqis Artsruni ölkəsinin xarici siyasətində məntiq olmamasını etiraf edib. O, “Первый армянский информационный” saytında dərc edilmiş “Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sərlövhəli analitik məqaləsində bu barədə yazıb.

AZƏRTAC xəbər verir ki, həmin məqalənin yazılmasına səbəb Gürcüstan Müdafiə Nazirliyinin rəhbəri Levan İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2018-ci il üçün hərbi əməkdaşlıq proqramının imzalanması olub. Bununla əlaqədar, S.Artsruninin diqqətini cəlb edən məqam bu olub ki, Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşdə üçtərəfli formatda – Türkiyənin iştirakı ilə əməkdaşlığı da yüksək qiymətləndirib. Müəllif bu baxımdan Azərbaycanın təşəbbüsü ilə formalaşmış Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatlarını ətraflı təsvir edir. Artsruni vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır. “Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir”, - deyən müəllif qeyd edir ki, bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur.

Erməni jurnalist bu etirafı ilə, necə deyərlər, Amerika kəşf etməyib. Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində dəfələrlə aydın şəkildə bəyan edilib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etməyincə bu ölkə bütün regional layihələrdən kənarda qalacaq.

Lakin erməni jurnalisti xüsusilə narahat edən səbəb – yeni, dördtərəfli Azərbaycan–Türkiyə-Gürcüstan-İran əməkdaşlıq formatının yaranmasıdır. O yazır: “Dördtərəfli format Bakıda Ermənistanın təcrid edilməsi faktını bəyan etmək üçün növbəti səbəbdir”. Erməni analitik gileylənir: “... həqiqətən narahatlıq doğuran budur ki, Ermənistan bütün mümkün regional inteqrasiya layihələrindən kənarda qalıb. Belə düşünmək olar ki, Ermənistanın xarici siyasətində heç bir məntiq yoxdur”. Onun fikrincə, bütün bəla ondadır ki, Ermənistanın öz qonşuları Gürcüstan və İran ilə münasibətləri ikitərəfli formatla məhdudlaşır, regional komponent kənarda qalır.

Artsruni yazır: “Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakıda isə bundan bacarıqla istifadə edirlər”. Bəli, istifadə edirlər. Özü də Ermənistanın xarici siyasətində strateji baxışın, qlobal yanaşmanın, ümumiyyətlə konstruktiv tərkib hissəsinin olmaması əsla Bakının təqsiri deyil. Ermənistandan fərqli olaraq Azərbaycan öz xarici siyasətini dürüst formalaşdırır, qarşıya konkret məsələlər qoyur və onların həllinə nail olur, beynəlxalq səviyyədə maraq doğuran genişmiqyaslı layihələr və yeni əməkdaşlıq formatları barədə təşəbbüslər irəli sürür. Bu məsələdə Azərbaycan yalnız öz imkanlarına, səmərəli iqtisadiyyatı, tarazlaşdırılmış xarici siyasəti sayəsində yaranmış böyük potensialına güvənir.

Artsruni öz ölkəsinin hökumətinə regiona əməkdaşlığın yeni formatlarının yaradılması barədə düşünməyi tövsiyə edir, onun fikrincə, “belə formatlar Azərbaycanın siyasətinin nəticələrini neytrallaşdırmağa imkan verər”. Xeyri yoxdur. Ermənistan regionda zəif bənddir və həmin ölkədən olan analitiklər bu faktı etiraf etməlidirlər. Əməkdaşlıq isə imkanların bərabər olmasını nəzərdə tutur. Yarımdilənçi vəziyyətdə, iqtisadiyyatı bərbad hala düşmüş, üstəlik başqa dövlətdən vassal asılılığında olan və müəllifin qeyd etdiyi kimi, Rusiyanın “balaca anbarı” sayılan bir ölkə ilə bağlanmağa kimin həvəsi olar? Həm Türkiyənin, həm İranın, həm də Gürcüstanın siyasi elitasında üstünlük təşkil edən praqmatiklər məsələyə sayıqlıqla yanaşır, onlar bilirlər ki, Azərbaycan ilə əməkdaşlıq həmin ölkələrə Ermənistanla müqayisəyəgəlməz dərəcədə artıq fayda gətirir və gətirəcək. Məqalə müəllifinin haqlı olaraq qeyd etdiyi kimi, “Yerevanın qeyri-adekvat siyasəti Ermənistana marağı zəiflədir”, həm də ona görə ki, İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı sayəsində Tehran tezliklə Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Özünü çıxılmaz vəziyyətə salmış Ermənistan isə İrana bu cür imkanlar yarada bilməz. Bu, lap dəqiqdir.

Ermənistanın acınacaqlı vəziyyətə düşməsində təqsirkar özüdür. Qonşu ölkələrin yarısına ərazi iddiaları irəli sürməklə, onlara qarşı təcavüzkar siyasət yürütməklə səmərəli və vicdanlı tərəfdaş reputasiyası qazanmaq mümkün deyil.

Müəllifin öz məqaləsinə başlıq kimi seçdiyi “Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sualına gəlincə, cavabımız belədir: Kiməsə qarşı yox, öz ölkələrinin rifahı naminə. Azərbaycan dəfələrlə bəyan edib ki, o kiminləsə dostluq edirsə, bunu kiməsə qarşı etmir. Azərbaycan dövlətinin rəhbərliyi regional layihələri həyata keçirərkən, başqa ölkələrlə qarşılıqlı-faydalı əməkdaşlığı inkişaf etdirərkən yalnız öz vətəndaşları haqqında, ölkənin gələcəyi haqqında düşünür.

Əsl həqiqət isə budur ki, əgər Ermənistan rəhbərliyi ölkənin və onun vətəndaşlarının rifahı barədə düşünsəydi, təcavüzkar siyasətdən əl çəksəydi, münasibətləri “kiməsə qarşı dostluq etmək”, “kiminsə təsirini neytrallaşdırmaq” prinsipləri əsasında deyil, xeyirxahlıq və konstruktivlik əsasında qursaydı, onda regional əməkdaşlığın müxtəlif formatlarında bu ölkəyə də yer tapılardı. Beləliklə, Artsruni bir məsələdə haqlıdır: Ermənistanın siyasətində heç bir məntiq yoxdur.