İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir

15.03.2018

Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: "Əfsuslar olsun ki, Azərbaycan ərazimizin demək olar ki, 20 faizini işğal etmiş qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir. Ermənistan beynəlxalq hüququn normalarını kobud surətdə pozur, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Həmin soyqırımı hazırda 10-dan artıq ölkə tərəfindən tanınıb. Bu soyqırımı nəticəsində 613 dinc, günahsız vətəndaş qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq var idi. Mindən artıq şəxs itkin düşüb. Bu, insanlığa qarşı cinayətdir və Azərbaycana qarşı təcavüzün bir hissəsi olmuşdur. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Əsrlər boyu azərbaycanlılar həmin ərazilərdə yaşayıb, yaratmışlar. Hazırda işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb, tarixi binalarımız, abidələr, qəbiristanlıqlar, dini abidələr yerlə-yeksan edilib. Bunlar ATƏT-nin iki faktaraşdırıcı missiyası tərəfindən işğal olunmuş ərazilərdə qeydə alınıb. Bu, eyni zamanda, mədəni irsimizə qarşı soyqırımıdır. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanmalıdır. 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilməyib. Ermənistana heç bir sanksiya tətbiq olunmayıb. Bu, o ölkədir ki, iyirmi ildən çoxdur BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda davam edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatlar oxşar qətnamələr qəbul ediblər. Beləliklə, tarixi həqiqət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Münaqişənin hələ də həll olunmamasının yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındakı 7 rayon hazırda işğal altındadır. Orada bütün Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmışdır".

Dövlət başçısı daha sonra qeyd edib: "Status-kvo qəbul edilməzdir, davam edə bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin – Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər".