İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: Saakyanın ABŞ-a səfəri Vaşinqtonun Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil

Bahar Muradova: Saakyanın ABŞ-a səfəri Vaşinqtonun Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil

17.03.2018

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, özünü dünyada sülh və demokratiya carçısı adlandıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti qəbuledilməzdir.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərinə münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, bu hadisə həm təəccüblüdür, həm də narahatlıq doğurur:

"Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dünyada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyasət demək olar ki yoxdur. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çətindir. Çünki ən böyük dövlətlərin xarici siyasətindəki ziddiyyətlər imkan vermir ki, konkret fikir söyləyək. Yəni indi biz qətiyyətlə bilmirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan böyük dövlətin separatçılığa, bölücülüyə, ölkələrin ərazi bütövlüyünə münasibəti birmənalıdır".

Milli Məclisin sədr müavini qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil:

"Düşünmürəm ki, orada kimsə qondarma rejimin tanınmadığını, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərdə, qəbullarda iştirakının, açıqlamalar verməsinin ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normalarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar ən azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.