İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Barak Obama və Con Kerri şəxsən iştirak etməlidir”

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Barak Obama və Con Kerri şəxsən iştirak etməlidir”

25.08.2014

“ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları  özlərini zərər çəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün  BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.

APA-nın “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

ATƏT Minsk Qrupunun bu qətnamələrin həyata keçirilməsini sürətləndirmədiyini qeyd edən ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarı olduğuna diqqət çəkib.

Diplomat bu konfliktin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində birgə fəaliyyət göstərən ABŞ, Fransa və Rusiyanın da qətnamələrin yerinə yetirilməsində məsuliyyət daşıdığını bildirib.

ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.