İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: Qanlı münaqişələrə ikili standartlar prizmasından yanaşılması dəhşətli bəlaların qarşısını almaq yolunda böyük maneə yaradır

Prezident İlham Əliyev: Qanlı münaqişələrə ikili standartlar prizmasından yanaşılması dəhşətli bəlaların qarşısını almaq yolunda böyük maneə yaradır

26.04.2018

Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi ürəkdən salamlayır, soyqırımı problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıram.

Bu günlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımının 100 illiyinə təsadüf edir. Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilmişdir. Beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətli bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır.

Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və dəlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq, geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasında vacib rol oynaya bilər.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələr soyqırımların tədqiqi sahəsində formalaşmış müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzulayıram".