İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar"

Ziyafət Əsgərov:

09.05.2018

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar. Bu gün Minsk qrupu heç bir iş görmür. Onlar Ermənistana, Azərbaycana gəlirlər, gedirlər. Amma nə olsun? Nəticə yoxdur, çünki istək yoxdur”.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, dəfələrlə deyilib ki, Dağlıq Qarabağ probleminə beynəlxalq hüququn prizmasından yanaşılsaydı, bu cür problemlər yaranmazdı:

“Avropa demokratiyadan danışır, amma işə gələndə demokratiya yoxdur. Mən Avropadan demokratiya istəyirəm”.

Z.Əsgərov Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu bir daha nəzərə çatdırıb: “Ermənilər həmişə Dağlıq Qarabağ haqqında danışanda deyirlər ki, guya 1921-ci ildə Dağlıq Qarabağ Stalinin qərarı ilə Azərbaycanın tərkib hissəsinə verilib. Həmin vaxt heç Stalin hakimiyyətdə olmayıb. Belə olan halda bu, necə mümkün ola bilər?! Tarixlə də sübuta yetirilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Məsələnin həllinin çox sadə yolu var. Bəs onda problem nədir? Bu problem 30 il də davam etməlidir?! Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. 50 ildən sonra qayıdacaqlar? Məsləhət vermək çox asandır, amma siz o reallığı yaşamırsıınız!”