İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: Ermənistanda hakimiyyətə gəlmiş qüvvə münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk etmirsə, bu onun faciəsinin başlanğıcıdır

Əli Əhmədov: Ermənistanda hakimiyyətə gəlmiş qüvvə münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk etmirsə, bu onun faciəsinin başlanğıcıdır

12.05.2018

Paşinyanın Azərbaycan barədə dedikləri elə sərsəmliyin göstəricisi ola bilər.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib: "Əlbəttə, onun dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcəkdir. Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir. O ki qaldı onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər. Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki, Ermənistan Azərbacanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq".

Ə.Əhmədov daha sonra əlavə edib: "Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uygun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək".