İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə naziri: “Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

Müdafiə naziri: “Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

12.05.2018

Mayın 12-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Ali Baş Komandanın Ümummilli Liderimiz Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.
Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.

General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.