İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fikrət Sadıqov: Ermənistan əsassız iddialarından əl çəkməlidir

Fikrət Sadıqov: Ermənistan əsassız iddialarından əl çəkməlidir

01.06.2018

Yerevan Azərbaycan ərazilərinin işğalını dayandırmayanadək və Ankaraya qarşı əsassız iddialarından əl çəkməyənədək Türkiyə Ermənistanla sərhədləri açmayacaq.

Bunu Trend-ə Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

F.Sadıqovun sözlərinə görə, Nikol Paşinyan əsassız iddialarından əl çəkməyənədək rəsmi Ankara Yerevana tərəf addım atmayacaq, çünki bu, Türkiyənin maraqlarına zidd olardı:

“Paşinyan öz xələfi Sarkisyanın dediyi ifadələri sözbəsöz təkrarlayır. Ermənistan indiyədək Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür və dünya ictimaiyyətinə qondarma “1915-ci il soyqırımı” barədə şişirdilmiş tezisini təqdim edir”.

Politoloq bildirib ki, Türkiyənin bəzi siyasi dairələrində Ermənistanyönümlü xadimlər ola bilər, amma rəsmi Ankara ölkənin maraqlarına zidd addım atmayacaq:

“Türkiyə münasibətləri yaxşılaşdırmağa hazır idi. Sürix protokolları imzalanmışdı. Amma Ermənistan öz iddialarından əl çəkmədi. Bu iddialar arasında qondarma soyqrımı, ərazi iddiaları və işğal olunmuş Azərbaycan ərazilərindən çıxmamaq da var idi. Bu şərtlərlə Türkiyə necə addım ata bilərdi?”

F.Sadıqov əlavə edib ki, ümumilikdə N.Paşinyan və onun komandası öz prioritetlərini müəyyənləşdirə bilməyib:

“Meydanlarda gurultulu bəyanatlar vermək asandır. Amma hakimiyyətə gələndə öz sözlərinə görə məsuliyyət daşımaq lazım olur. Məsələn, Paşinyan seçildikdən dərhal sonra Rusiyaya gedib Putinlə görüşdü, amma vəzifələrə qərbyönümlü şəxsləri təyin etdi”.

Politoloq qeyd edib ki, Ermənistanın iqtisadiyyatı, nəqliyyat şəbəkəsi, silahlı qüvvələri bütünlüklə Rusiyadan asılı vəziyyətdədir:

“Amma nazirliklərə qərbyönümlü şəxsləri təyin etməklə Paşinyan Ermənistanın istənilən an Rusiyaya arxa çevirəcəyi və Qərbə dönəcəyi barədə Moskvaya siqnal göndərir. Bu qaçılmazdır, çünki Ermənistan iqtisadi blokada vəziyyətində olduğu üçün ölkəyə xarici dəstək lazımdır”