İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş katib: İƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır

Baş katib: İƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır

02.06.2018

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində təşkilatın baş katibi Yusif əl-Useymin deyib.

Baş katib xatırladıb ki, İƏT üzv ölkələrinin Xarici işlər nazirləri Şurasının 45-ci iclası çərçivəsində qəbul edilmiş qətnamənin 12-ci bəndində təşkilat Ermənistanı və ATƏT Minsk qrupunun üzv dövlətlərini sülh prosesində konstruktiv iştirak etməyə çağırıb.

Yusif əl-Useyminin sözlərinə görə, İƏT bütün münaqişələrin danışıqlar yolu ilə dinc şəkildə nizamlanmasının tərəfdarıdır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi istisna deyil.

İƏT baş katibi əlavə edib ki, eyni zamanda təşkilat Ermənistanın yeni hökumətinin danışıqlar prosesində daha açıq olacağını gözləyir.

Baş katib bildirib ki, davam edən münaqişə regionda sülhə, sabitliyə və inkişafa təsir edir:

 

“İstənilən münaqişənin davam etməsi yaxşı heç nə gətirmir. Beləliklə, istənilən münaqişənin tərəfləri birgə səylərlə, sülh yolu ilə və danışıqlar vasitəsilə münaqişəni həll etməlidir. Regional təşəbbüsləri fəallaşdırmaq lazımdır. Bu münaqişənin həll olunması üçün mən Ermənistanı regional və beynəlxalq təşəbbüslər çərçivəsində əməkdaşlıq etməyə çağırıram”.

Yusif əl-Useyminin sözlərinə görə, İƏT əmindir ki, münaqişənin hərbi yolla həlli qəbuledilməzdir. Ona görə də son illərdə İƏT Baş katibliyi münaqişələrin həllində vasitəçiliyə və xalq diplomatiyasına xüsusi diqqət ayırır:

“Bu gün İƏT-in sülh, təhlükəsizlik və münaqişələrin həlli məsələləri üzrə Qrupu təşkilatın üzv ölkələrində münaqişələrin həlli sahəsində fəaliyyət göstərir. Qrup İƏT-in Ağsaqqallar Şurasından və xüsusi elçilərdən rəy alır. Bundan başqa, sülh və münaqişələrin həlli məsələləri üzrə İƏT-in təmas qrupu yaradılıb”.

Baş katib qeyd edib ki, münaqişənin həlli üçün bir sıra alətlər mövcuddur:

“İlk növbədə tərəflər siyasi iradə, maraq və çeviklik nümayiş etdirməlidir. O zaman uyğun mexanizmlər nəzərdən keçirilə və münaqişənin sülh yolu ilə həllində tətbiq oluna bilər”.

Yusif əl-Useymin əlavə edib ki, təşkilatın bütün üzv dövlətləri nəcib İslam dəyərlərini rəhbər tutmalı və bütün problemlərini dinc vasitələrlə həll etməlidir.