İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rəsmi Bakı Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini müharibəyə çağırış kimi qiymətləndirir

Rəsmi Bakı Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini müharibəyə çağırış kimi qiymətləndirir

17.06.2018

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in suallarını cavablandırıb:

- Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini necə qiymətləndirirsiniz?

- Ermənistanın baş naziri N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır. Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır.

Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

- Ermənistanın qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək və müharibəyə çağırış cəhdlərinin daxili siyasi vəziyyətlə də bağlılığı vardırmı?

- Əlbəttə. Populist və ultra-şovinist millətçi təfəkkürünə malik olan yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır. Yeni Ermənistan hökumətinin təqdim etdiyi utopik və icrası qeyri-mümkün olan proqram bu ölkədə vəziyyətin nə yerdə olduğunu açıq şəkildə göstərir. Amma Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur.