İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi”

Prezident İlham Əliyev: “Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi”

30.08.2014

“Azərbaycan ictimaiyyəti bilir ki, bu ayın əvvəlində Ermənistan təmas xəttində təxribat törətmək istəmişdi. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Onlarla işğalçı məhv edildi, onların təxribatı baş tutmadı”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident bildirib ki, Ermənistanın bu təxribatının səbəbləri də aydındır: “Çünki Soçi görüşü ərəfəsində Ermənistan rəhbərliyi çalışırdı ki, özü üçün daha da münasib mövqe əldə etsin və Azərbaycanı qane etməyən hansısa məsələyə razı sala bilsin. Ancaq bu, baş tutmadı və əksinə, Azərbaycanın mövqeyi Soçidə daha da güclü səsləndi, qəhrəman Azərbaycan əsgərləri və zabitlərinin cəsarəti nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu, hələ ki, onlar o zərbədən özlərinə gələ bilmirlər”.

Prezident bildirib ki, Ermənistanda təlaş, təşviş hökm sürür və ən yüksək səviyyədə etiraf olunur ki, ölkədən kütləvi şəkildə köç başlanıb: “Daha doğrusu, bu proses çoxdan gedir. Sadəcə olaraq təmas xəttindəki son hadisələr bunu daha da sürətləndirib. On minlərlə erməni vətəndaşı ölkəni həmişəlik tərk edir. Son hadisələr bu prosesə yeni təkan verib. Düzdür, Ermənistan rəhbərliyi bunu izah etmək üçün müxtəlif üsullara əl atır. Bu yaxınlarda hətta etiraf edilib ki, bunun əsas səbəbi diasporun güclü olmasıdır, eyni zamanda, Qarabağ münaqişəsidir. Yəni, artıq Ermənistan rəhbərliyi etiraf edir ki, demoqrafik böhranın əsas səbəbi qorxudur. Ermənistan cəmiyyəti qorxu içindədir. Əlbəttə, güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün sadəcə olaraq Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir, işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunu tələb edir. Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir”.

Dövlət başçısı Azərbaycanın Ermənistanı iqtisadi cəhətdən də dəfələrlə üstələdiyini bildirib: “Hərbi potensial baxımından Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaq. Hərbi xərclər bizim dövlət büdcəmizin əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşib. Bu, Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir. Bu işdə əlbəttə ki, gənclərin xüsusi rolu var”. Prezident deyib ki, o, gənclərimiz vətənpərvərliyindən, milli ruhda böyümələrindən məmnundur.