İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İrəvanın tarixi mərkəzinə dair kitab-fotoalbomun təqdimatı olub

İrəvanın tarixi mərkəzinə dair kitab-fotoalbomun təqdimatı olub

28.06.2018

“LİBRAFF Park Akademiya” kitab mağazasında “İrəvanın tarixi mərkəzi arxiv materialları və köhnə fotoşəkillər əsasında” adlı kitab-fotoalbomun təqdimatı olub.

Trend-in məlumatına görə, layihənin rəhbəri, Prezident Administrasiyasının bölmə müdiri, politoloq Fuad Axundov təqdimat mərasimində çıxış edərək kitabda orta əsrlər İrəvan qalasının timsalında Azərbaycanın İslam mədəniyyəti və memarlıq abidələrinin Ermənistanda məhv edilmiş nümunələri haqqında məlumatın yer aldığını bildirib.

İrəvanın məhv edilmiş tarixi mərkəzində 800-dən çox tikili, məscid, saray, karvansara, hamam və digər ictimai binalar yerləşirdi. Kitabda XIX əsrə aid şəkillərdə İrəvan qalasının orta əsr tikililərinin və İrəvan xanlarının Gürcüstanın Milli Muzeyində saxlanılan mebel, qab və digər əşyalarının fotoları təqdim edilib. Həmçinin rus fotoqrafiyasının pioneri, şərqşünas D.İ.Yermakovun (1845-1916) çəkmiş olduğu unikal fotoşəkillər, İrəvan qalasının görkəminə valeh olmuş çar II Nikolayın tikilinin bərpa edilməsi haqqında arxiv sənədləri və yazışmalar yer alıb.

Kitab-albomun tərtibçisi - Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov nəşrin elmi məziyyətləri, ərsəyə gəlməsi barədə danışıb. Bildirib ki, nəşrin hazırlanmasında məqsəd xalqımızı maarifləndirmək, bu məsələyə ictimaiyyətin, alimlərin diqqətini cəlb etməkdir:

 

“Sovet hakimiyyəti qurulduqdan sonra İrəvan şəhəri üçün baş plan qəbul olunub. Həmin plana əsasən, şəhərin tarixi mərkəzi, İrəvan qalası və ona aid tikililər sökülüb. Biz bilirik ki, hansısa şəhərdə tikinti aparılanda, yaxud baş plan qəbul olunanda əsas məqsədlərdən biri onun tarixi mərkəzini qorumaqdır. Tarixi mərkəz Bakıda var – İçərişəhər, Moskvada var – Moskva Kremli, Tiflisdə var. Yəni, bütün dünyanın şəhərləri öz qədim mərkəzləri ilə öyünür. Amma hazırkı İrəvan şəhəri bundan məhrumdur. Çünki orada Azərbaycan və İslam dini mədəniyyəti, bu mədəniyyətin memarlığı mövcud idi. Bu, dağıdılıb. İrəvan əzəli Azərbaycan torpağıdır, Yermakovun fotoları dağıdılmış bu mədəniyyət, tarixi-memarlıq abidələrinin hansı millətə məxsus olmasına ən gözəl sübutdur”.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov, 1981-1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin əməliyyat məsələləri üzrə müavini olmuş polis general-mayoru Kamil Məmmədov, Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Aytən Mustafazadə və başqaları Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaranma tarixindən, azərbaycanlı əhalinin məruz qaldığı etnik təmizləmədən söhbət açıblar. Onlar, həmçinin Ermənistan hökumətinin bu torpaqların guya heç vaxt Azərbaycana məxsus olmaması barədə dünya ictimaiyyətini inandırmağa çalışdığı saxtalaşdırma metodlarından, o cümlədən tarixi abidələrin dağıdılmasından, arxivlərin məhv edilməsindən, yalançı elmi nəşrlərin buraxılmasından və s. bəhs ediblər.

Sonra İrəvana aid tarixi fotoşəkillərdən ibarət slaydlar nümayiş olunub.

Qeyd edək ki, kitab-fotoalbom Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb. Layihənin məsləhətçisi Elbrus Məmmədovdur. Nəşrin hazırlanması Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze və muzeyin baş kuratoru, professor Eldar Nadirzadənin köməyilə həyata keçirilib.