İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir

Azərbaycan XİN: Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir

28.06.2018

BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozaraq, Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərini işğal edib. Ermənistan işğal olunmuş əraziləri işğalda saxlamaqla və burada qanunsuz hərbi fəaliyyəti davam etdirməklə ATƏT-in Vyana sənədi üzrə etimad və təhlükəsizlik tədbirləri rejiminin əsasını təşkil edən suverenlik, ərazi bütövlüyünə hörmət, silahlı qüvvələrin ölkə ərazisində yalnız qəbul edən dövlətin razılığı ilə yerləşdirilməsi kimi əsas prinsiplərini pozur.

Bunu Trend-ə Azərbaycan Silahlı Qüvvələrinin keçirməyi planlaşdırdığı hərbi təlimlərə dair Ermənistan XİN-nin verdiyi şərhlə əlaqədar Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir:

"Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir".