İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Status-kvo dəyişdirilməlidir

Elmar Məmmədyarov: Status-kvo dəyişdirilməlidir

29.06.2018

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.

Nazirlər Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd ediblər.

P.Siyarto Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 8-ci iclasın nəticələrindən məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəfmüqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

E.Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb.

 

E.Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlıq imkanlarından danışıb.

Görüş əsnasında nazirlər təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. P.Siyarto hal-hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib. O əlavə edib ki, status-kvo dəyişdirilməlidir.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib.

Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.