İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qənirə Paşayeva AŞPA-da işğal olunmuş Azərbaycan torpaqlarındakı vandalizmdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğal olunmuş Azərbaycan torpaqlarındakı vandalizmdən danışıb

29.06.2018

Milli Məclisin Avropa ŞurasıParlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə PaşayevaErmənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib.

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, bu gün avstraliyalı məruzəçi Stefan Şennakın hazırladığı ”Mədəni irsin qəsdlə məhv edilməsi və qanunsuz dövriyyəsi” adlı qətnamə layihəsi AŞPA-da müzakirə olunub.

Layihə ilə bağlı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilir: “Azərbaycana aid 600-dən çox tarixi-memarlıq abidələri, arxeoloji abidə, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İşğalçı Ermənistan işğal etdiyi torpaqlarımızda mədəni sərvətlərin bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub. Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir”.

Q. Paşayeva əlavə edib ki, Ermənistan  dünyada məşhur olan Azərbaycan abidələrini məhv edir: “Ermənistanın bu addımları bütün beynəlxalq konvensiyalara ziddir. Tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilsə də, onların arasında hələ də qalanların olduğu ehtimal edilir. Qalanları xilas etmək son dərəcə vacibdir. Bunun üçün isə mütləq bütün Ermənistan ərazisində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həmin abidələrin hazırkı vəziyyətinin diqqətlə araşdırılması çox zəruridir. Azərbaycanın Mədəniyyət Nazirliyi işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim edib və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb edib. Amma Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Bütün bunları diqqətə çatdıraraq biz sizdən dəstək gözləyirik”.