İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək

11.07.2018

Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan hər şeyi edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə açıqlama zamanı deyib.

Prezident kimi and içdikdən sonra ilk səfərini qardaş, dost Azərbaycana etmək vəzifəsini yerinə yetirdiyini deyən Türkiyə Prezidenti istər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bir çox məsələləri nəzərdən keçirdiklərini vurğulayıb: "Bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq" - bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu".

Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələr, istərsə də müdafiə sənayesi istiqamətində addımlar çox böyük əhəmiyyət daşıyır: "Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik".

Türkiyə dövlət başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir: "Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.

Gəldiyimiz andan etibarən göstərilən ev sahibliyinə görə şəxsən öz adımdan və nümayəndə heyətim adından ayrıca təşəkkür edirəm. Hazırda ikitərəfli ticarət dövriyyəmiz hər keçən gün artır. Yüksək səviyyəli səfərlər gündən-günə artaraq davam edir. Bunlar aramızdakı qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərməsi baxımından çox vacibdir".

Türkiyə Prezidenti əlavə edib ki, müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır: "Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik.

Digər bir məsələ ilə bağlı - xüsusilə Azərbaycanda FETÖ ilə mübarizəyə İlham qardaşımın verdiyi dəstəyə görə öz adımdan və millətim adından ona təşəkkür edirəm. Çünki onlar burada da özlərinə yer tapmağa cəhd göstərdilər. Bunun üçün hər vasitəyə əl atdılar. Fəqət, istər İlham qardaşımın bu məsələdə həssaslığı, istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işimiz bir çox məsələnin ardıcıl həll olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə, inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik.

Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, inşallah, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır. Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək.

Həmçinin cənab Prezident ilə gündəmə gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi özünə bildirdim. Bu məsələdə də birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə inandığımı xüsusilə söylədim.

Bu axşam İlham qardaşım da Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim odur ki, NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.

Fürsətdən istifadə edərək İlham qardaşımın timsalında bütün Azərbaycan xalqına öz adımdan və millətim adından ən səmimi hisslərlə salam, sevgi və ehtiramımı ifadə etmək istəyirəm. Bir daha sağlıqla qalın".