İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əbülfəs Qarayev: İşğal olunmuş ərazilərə abidələrin dağıdılması ilə bağlı araşdırıcı missiyanın göndərilməsi süni şəkildə uzadılır

Əbülfəs Qarayev: İşğal olunmuş ərazilərə abidələrin dağıdılması ilə bağlı araşdırıcı missiyanın göndərilməsi süni şəkildə uzadılır

01.09.2014

"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı müraciət etdiyimiz beynəlxalq təşkilatların heç birində bununla bağlı faktaraşdırıcı komissiya yaradılmayıb. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə beynəlxalq təşkilatlar tərəfindən faktaraşdırıcı missiyanın göndərilməsi məsələsi sadəcə uzanır, daha doğrusu, süni şəkildə uzadılır". Bunu Trend-ə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycanın mədəniyyət və dini abidələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsinə yönəlmiş vəhşilikləri barədə beynəlxalq təşkilatlar qarşısında bir neçə dəfə məsələ qaldırılıb: "Hər dəfə də beynəlxalq təşkilatlar bu məsələyə çox diqqətlə yanaşır və Azərbaycanın mövqeyinə hörmət göstərirlər. Lakin bu gün həmin təşkilatlar tərəfindən "tarazlıq" yanaşması tətbiq olunur. Lakin bizim verdiyimiz təkliflərlə bədnam qonşularımız tərəfindən irəli sürülən təkliflər üst-üstə düşmür. Ona görə də həm YUNESKO, həm Avropa Şurası, həm də digər təşkilatların bölgəyə faktaraşdırıcı missiyalarını göndərməsi, burada tarixi-mədəni abidələrin dağıdılmasının hansısa yolla müəyyənləşdirilməsi, onların dağıdılmasının qarşısının alınması və digər bu kimi təşəbbüslər həmişə qarşı tərəfin müqaviməti ilə rastlaşır".

Ə.Qarayev bildirib ki, Azərbaycan bəyan edir ki, bu kimi araşdırmalar üçün tam açıqdır: "Biz deyirik ki, Azərbaycanda bütün tarixi-mədəni abidələr dövlət tərəfindən mühafizə olunur və onların hansı dinə, hansı tarixə, hansı mədəniyyətə aid olmasından asılı olmayaraq, hər hansı birinin dağıdılması yolverilməzdir. Biz həm bütövlükdə Azərbaycanda, həm də ermənilər tərəfindən işğal olunmuş ərazilərdə ciddi və hərtərəfli araşdırılma aparılmasının tərəfdarıyıq".