İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Amerikalı politoloq: Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinə məhəl qoymur

Amerikalı politoloq: Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinə məhəl qoymur

27.07.2018

Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaqla bağlı BMT-nin tələblərinə məhəl qoymur.

Trend-in məlumatına görə, bunu amerikalı siyasi icmalçı, "Dağlarda ölüm: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" kitabının müəllifi Raul Loueri Kontreras ABŞ-ın "The Daily Caller" nəşrində dərc olunan "Ermənistan və Azərbaycan: mövcud olmayan atəşkəs rejimi" adlı məqaləsində yazıb.

Müəllif Tərtər rayonunun erməni qoşunlarının baxış bucağında yerləşən Qapanlı kəndinin timsalında Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca Azərbaycan kəndlərinin atəşə tutulduğunu qeyd edib:

"Erməni qoşunları 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal ediblər. Azərbaycanlılar Ermənistanın özündən qovulub və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonunda etnik təmizləməyə məruz qalıblar. Bundan sonra ermənilər orada özünü müstəqil elan edən "Dağlıq Qarabağ respublikası" yaratdılar ki, 25 il ərzində bu rejimi heç kim tanımayıb".

R.Kontreras bildirib ki, 25 ildir ki ATƏT-in hamiliyi ilə bərqərar edilən atəşkəsə baxmayaraq, ermənilər Azərbaycan ərazilərini atəşə tutmağa davam edirlər.

Sonra müəllif yazır ki, Qapanlı kəndi erməni silahlı qüvvələri tərəfindən Ermənistandan və Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin salınan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün Azərbaycan hökuməti tərəfindən yenidən qurulub:

"Qapanlı məcburi köçkünlər üçün bütün Azərbaycan ərazisində tikilən çoxsaylı yaşayış məntəqələrindən yalnız biridir. Digər qəsəbələrdən fərqli olaraq, Qapanlı qoşunların təmas xəttinə yaxın yerləşir".

O vurğulayıb ki, BMT Ermənistanı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa çağıran 4 qətnamə qəbul etsə də, rəsmi Yerevan bu qətnamələrə məhəl qoymur.