İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ceyms Uorlik: Dağlıq Qarabağ probleminin nizamlanması üçün hər iki tərəfdən siyasi iradə tələb olunur

Ceyms Uorlik: Dağlıq Qarabağ probleminin nizamlanması üçün hər iki tərəfdən siyasi iradə tələb olunur

10.09.2014

ABŞ dövlət katibi Con Kerri bu günlərdə Uelsdə keçirilən NATO sammiti zamanı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla səmərəli müzakirə aparıb. Bunu Trend-ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, görüşdə məqsəd tərəflərin mövqelərini daha yaxşı anlamaq və onları sülhün təmin olunması üçün tədbirlər görməyə təşviq etmək idi.

Uorlik qeyd edib ki, dövlət katibi prezidentləri atəşkəs rejimi haqqında sazişə hörmət etməyə, qoşunların təmas xəttində gərginliyin aradan qaldırılmasına çağırıb və hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiqliklərini təsdiqləyiblər.

Həmsədr əlavə edib ki, C.Kerri həmçinin prezidentləri münaqişənin davamlı sülhlə nizamlanmasında irəliləyişə nail olmaqdan ötrü formal danışıqlar prosesinə başlamağa çağırıb: "Yaxın aylarda region xalqları üçün sülhün bərqərar olması ilə bağlı ümumi məqsədimizə nail olmaqdan ötrü qarşıda çoxlu görüləsi işlər var və dövlət katibi ilə görüş səylərimizi harada cəmləşdirəcəyimizi aydınlaşdırmağa imkan verdi".

Uorlikin sözlərinə görə, ATƏT MQ oktyabrın sonunda Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin və Fransa lideri Fransua Ollandın üçtərəfli görüşünün keçiriləcəyini gözləyir: "Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar".

Həmsədr deyib ki, yalnız tərəflərin həqiqətən sülhə hazır olduqlarını nümayiş etdirdikləri zaman nəhayət münaqişənin həlli tapılacaq: "Biz tərəflərə Minsk qrupunun köməyi ilə davamlı nizamlanmaya nail olmaqda hər cür kömək göstərəcəyik, amma biz münaqişəni həll edə bilmərik. Nəticədə nizamlama üçün hər iki tərəfdən siyasi iradə tələb olunur".

Kaliforniya ştatı Senatının (parlamentin ali palatası) Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni şərh edən Uorlik bildirib ki, ABŞ konstitutsiyası federal hökumətə xarici siyasət yürütmək hüququ verir: "Ştat hökumətləri və qanunverici orqanları xarici məsələlər barədə məcburi olmayan bəyanatlar verə bilərlər, amma onlar ABŞ siyasətini təmsil etmirlər".

Avqustun 27-də Kaliforniya Senatı antiazərbaycan xarakterli qətnamə qəbul edib.