İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ceyms Uorlik: NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır

Ceyms Uorlik: NATO Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır

17.09.2014

NATO bəyannaməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çıxış nöqtələri qismində BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır. Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Novosti Armeniya"ya deyib.

Onun sözlərinə görə, prinsiplərə güc tətbiq etməmə, ərazi bütövlüyü, həmçinin xalqların öz müqəddəratını təyinetmə hüququ daxildir: "Nizamlanma bütün prinsiplərə əsaslanmalıdır. Həmsədr ölkələr davamlı tənzimləməyə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəklər".

Diplomat qeyd edib ki, azad və dinc Avropa ideyalarına sadiq qalan alyans kimi NATO uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərir: "Qeyd etmək lazımdır ki, NATO sammitinin bəyannaməsi tərəfləri danışıqların müəyyən edilmiş formatı çərçivəsində nizamlama istiqamətində işləməyə çağırıb. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, tərəflərin razılaşdıqları və tam dəstəklədikləri format ATƏT-in Minsk qrupudur".

Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannamə və məruzəni AŞ PA-ya təqdim etmək təşəbbüsünü şərh etmək xahişinə cavab olaraq diplomat vurğulayıb ki, Minsk qrupunun həmsədrləri Avropa Şurası Parlament Assambleyası tərəfindən atılan addımları görüblər: "Biz qeyd etmək istəyirik ki, ATƏT-in Minsk qrupu prosesi tərəflərin və beynəlxalq ictimaiyyətin tanıdığı danışıqlar formatıdır. Ümid edirik ki, bütün tərəflər davamlı tənzimləmənin tapılması üçün bizimlə konstruktiv şəkildə işləyəcəklər".