İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

"Ermənilər mövcud hakimiyyətləri ilə bağlı həlledici qərar qəbul etməlidirlər"

17.09.2014

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Moldovanın paytaxtı Kişinyovda "Ölkələrin ərazi bütövlüyü və insan haqlarının qorunması" adlı beynəlxalq konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransa Moldova, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna, Qazaxıstan, ATƏT və Avropa İttifaqından 100-ə yaxın QHT, media, diplomatik korpus nümayəndəsi, beynəlxalq ekspert qatılıb.

Moldovanın sabiq Prezidenti Petru Luçinski (1997-2001) və sabiq ombudsmanı Aurelia Qriqoriu çıxışlarında hər zaman ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet kimi götürülməsinin zəruriliyini vurğulayıblar. Konfransda çıxış edən Moldova baş prokurorunun müavini konkret faktlar göstərərək postsovet ölkələrinin ərazilərində ortaya atılmış separatçı qurumların ayrılmaq iddialarının hüquqi bazasının olmadığını və bunun beynəlxalq hüquqla tam ziddiyyət təşkil etdiyini bildirib.

Ukraynanın Moldovadakı səfiri Sergey Pirojkov konfransda çıxışında Ukraynada baş verən son separatçılıq hərəkətlərinin heç bir hüquqa əsaslanmadığını qeyd edərək beynəlxalq ictimaiyyəti ölkələrin ərazi bütövlüyünün qorunması məsələsində fəal olmağa səsləyib.

İsrail təmsilçisi Arye Qut isə Ermənistanın real olmayan, təhlükəli ideyanın arxasınca qaçdığını bildirərək ermənilərin mövcud hakimiyyətləri ilə bağlı həlledici qərar qəbul etməli olduğunu vurğulayıb.

Ölkəmizin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev BMT başda olmaqla bir çox beynəlxalq təşkilatın qəbul etdiyi qətnamə və bəyannamələrə rəğmən Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxladığını deyib. Səfir Azərbaycanın bütün sahələrdə uğurlu inkişafının dünyada etiraf olunduğunu, Ermənistanın isə korrupsiya və sosial problemlər içərisində çabaladığını deyərək ölkəmizin ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini ifadə edib.

Qeyd edək ki, konfransda Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı da iştirak edib.