İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır

18.09.2014

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Tomaş Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd edib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın də enerji və infrastruktur layihələri və qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyərək, 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin iyirmi illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməl qoyma mərasiminin keçiriləcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin regiona üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Avropa İttifaqı ilə əlaqələrə dair aparılan müzakirələr əsnasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq, inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkəmizin digər sahələrdə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə etmişdir.

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.