İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İqor Popov: “Biz sülh sazişi üzərində işə mümkün qədər tez başlamağın tərəfdarıyıq”

İqor Popov: “Biz sülh sazişi üzərində işə mümkün qədər tez başlamağın tərəfdarıyıq”

19.09.2014

APA-nın Moskva müxbirinin ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla müsahibəsi:

- Həmsədrlərin regiona növbəti səfərinin tarixi və proqramı dəqiqləşibmi? Vasitəçilər bu dəfə hansı təkliflərlə gəlirlər və bu səfərdən gözləntiləri nədir?

- Dəqiq tarix hələ yoxdur. Bu ilin oktyabr ayında səfər etməyi, Bakı və İrəvanda görüşlər keçirməyi planlaşdırırıq. Səfərin məqsədi növbəti Azərbaycan-Ermənistan sammitinə hazırlıqdır. İlkin olaraq Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri ilə görüşməyi planlaşdırırıq. Gündəlikdə olan məsələləri, sənəd layihələrini müzakirə edəcəyik. Mövcud təcrübəyə əsasən işin yekunu olaraq bəyanat verəcəyik. Həmin bəyanat ATƏT-in rəsmi saytında yerləşdiriləcək.

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda bir müddət əvvəl yaranmış durğunluq son vaxtlar aradan qalxmağa başlayıb. Bu mənada Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşünü, eləcə də Fransa prezidentinin təşəbbüsü ilə oktyabrda Parisdə gözlənilən görüşü qeyd etmək olar. Sizcə, bu təmasların münaqişənin həllinə hansısa müsbət təsiri olacaqmı?

- Deməzdim ki, danışıqlarda durğunluq müşahidə olunub. Danışıqlar həmsədrlərin vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində kifayət qədər intensiv şəkildə aparılıb. Yüksək səviyyəli təmaslarda yaranmış fasilənin uzanması isə başqa məsələdir. Sonuncu sammit 2013-cü ilin noyabrında keçirilib. Ona görə də əsas odur ki, uzunmüddətli fasilədən sonra prezidentlər yenidən eyni masa arxasına oturdular, bu isə hər iki tərəfin həll olunmamış məsələlərin çözülməsinə cəhd etdiyini göstərir. Onların sayı çox olmasa da, nizamlanmada əsas rol oynayırlar. Soçidəki görüş faydalı olub. Vyana sammitindən sonra nazirlər və həmsədrlərin gördüyü iş nəzərə alınmaqla, tərəflərin mövqeləri detallı şəkildə analiz edilib, müvafiq tapşırıqlar verilib. Bu görüşün fərqli cəhəti ondan ibarət olub ki, görüş sərhəd bölgəsində və qoşunların təmas xəttində vəziyyət qəfil gərginləşən zaman keçirilib. Düşünürəm ki, görüşdə münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə həllinə sadiqliyin yüksək səviyyədə bəyan olunması sonradan vəziyyətin sabitləşməsinə böyük təsir göstərib. Həmsədrlik üzrə amerikalı həmkarımın mənə verdiyi məlumata görə, Uelsdə danışıqlar prosesinin effektivliyinin artırılmasından söhbət gedirdi. Prezidentlərə güc tətbiqindən vaz keçmək çağırışı ünvanlanmışdı. Bununla razılaşmamaq çətindir, çünki bu cür yanaşma dəfələrlə müxtəlif səviyyələrdə həmsədr ölkələrin birgə bəyanatlarında əks olunub. Düşünürəm ki, Parisdəki sammit də həmsədr ölkələrin “üçlüyün” yüksək səviyyədə razılaşdırdığı prinsiplərin praktiki müstəviyə keçməsinə və dayanıqlı nizamlanmanın əldə olunmasına yönəlik birgə səylərin kontekstində keçə bilər. Dediyim kimi, sammitin keçirilməsi ilə bağlı məsələləri biz gələn həftə növbəti məsləhətləşmə zamanı müzakirə edəcəyik. Proqnoz verməyəcəyəm, lakin hesab edirəm ki, Parisdə gözlənilən görüş Soçidə bərpa olunan və Uelsdə davam etdirilən işə vacib əlavə olacaq.

- Vasitəçilərin münaqişənin nizamlanması istiqamətində konkret fəaliyyət proqramı varmı? Danışıqların “Madrid prinsipləri” əsasında aparıldığı məlumdur. Vasitəçilər tərəflərə hansısa yeni təkliflər təqdim edibmi? Bu təkliflərin mətbuata açıqlanması mümkün olan hissələrini bilmək istərdik.

- Münaqişənin nizamlanması ilə tərəflər məşğuldur, həmsədrlər isə vasitəçilik edirlər. Mən artıq Soçi və Uelsdə göstərilən vasitəçilik səyləri, habelə Paris sammitinə hazırlıq barədə məlumat verdim. Bilavasitə bizim “üçlüyə” gəldikdə isə sammitdən sonra, yəni noyabrda Vyanada Minsk Qrupunun digər üzvləri ilə görüşməyi planlaşdırırıq, bir daha regiona səfər etmək niyyətimiz var. Düşünürəm ki, Qarabağ probleminə bir daha dekabrda Bazeldə, ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında toxunulacaq. Danışıqların təməlinə gəldikdə isə, bu təməl məlumdur və 2009-2013-cü illərdə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əks olunub. Xatırladım ki, söhbət BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərindən, xüsusən də güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərindən, habelə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi, onun müvəqqəti statusu, ərazilərin qaytarılması, qaçqınlar məsələsi, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz, sülhməramlı əməliyyat kimi məsələlərlə bağlı müddəalardan gedir. Bütövlükdə bu təməli inkar etməməklə, tərəflər onun tərkib elementlərinin həyata keçirilməsi ardıcıllığına fərqli yanaşırlar. Hazırda bu təməlin dəyişdirilməsi, yaxud hansısa yeni elementlərin tətbiqindən söhbət getmir. Düşünürəm ki, əsas odur tərəflərə bilavasitə Sülh sazişinin hazırlanmasına keçməyə imkan verəcək balanslaşdırılmış həll variantının tapılmasında kömək edilsin.

- Azərbaycan tərəfi baza prinsipləri müəyyənləşmədən də Böyük Sülh Sazişi üzərində işə başlamağın mümkünlüyünü bəyan edir. Həmsədrlər rəsmi Bakının bu təklifinə necə baxır?

- Biz sülh sazişi üzərində işə keçməyin mümkün qədər tez baş verməsinə tərəfdarıq. Bu, bütün tərəflərin marağındadır. Ümid edirəm ki, sülh sazişi layihəsində əks olunacaq çözülməmiş məsələlərlə bağlı kompromis həll yollarının axtarılması tərəflərin konsensus əldə etməsinə imkan verəcək.

 İyulun sonu, avqustun əvvəlində qoşunların təmas xəttində baş verən toqquşmalarda hər iki tərəf itki verdi, xeyli hərbçi yaralandı. Bu hadisə bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hər an geniş miqyaslı hərbi əməliyyatlar baş verə bilər. Həmsədrlər bu təhlükəni nəzərə alaraq, nizamlanma prosesinə hansı yeni töhfələri vermək, danışıqların aktivləşməsi üçün hansı addımları atmağı düşünürlər?

Həqiqətən də hələlik münaqişə həll olunmayıbsa, geniş miqyaslı hərbi əməliyyatların bərpası təhlükəsi var. Ona görə də nizamlanmanın məğzi ilə bağlı danışıqlara münaqişənin “qaynar mərhələ”yə keçməsi riskini azaldan tədbirləri əlavə etməyə çalışırıq. Rusiya rəhbərliyinin bilavasitə iştirakı ilə tərəflər arasında əsir və ölən hərbçilərin meyitlərinin dəyişdirilməsi, habelə silahlı insidentlərin araşdırılması ilə bağlı anlaşma əldə olunub. Təəssüf ki, bu anlaşmaların tam həcmdə reallaşması həmişə mümkün olmur. Bununla belə, danışıqlarda bu mövzu və snayperlərin geri çəkilməsi, humanitar təmasların inkişafı kimi etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlik təkliflər var. Düşünürəm ki, onların gerçəkləşdirilməsi gərginliyi azaldardı və sülh prosesinin inkişafına kömək edə bilərdi.

Belə fikir var ki, Dağlıq Qarabağ münaqişəsinin həlli daha çox Rusiyadan asılıdır, rəsmi Moskva bu məsələdə mühüm rola malikdir. Siz bu fikirlə razısınızmı?

Nizamlanma münaqişə tərəflərindən asılıdır. Vasitəçilər kömək edə, variant təklif edə bilərlər. Digər məsələ isə ondan ibarətdir ki, bu münaqişənin nizamlanmasına yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə aiddir. Qonşu regionda baş verənlərə heç də laqeyd deyilik. Soçidə üçtərəfli sammitin açılışında çıxış edən Rusiya prezidenti qeyd edib ki, bizim olduqca yaxın münasibətlərimiz, harada olduğumuzu və keçmişdən miras qalmış bütün bu problemlərin nizamlanmasına doğru irəliləmək üçün atılacaq addımları müzakirə etməyə imkan verən dərin tariximiz var. Ona görə də ölkəmizin rəhbərliyi Bakı və İrəvanla əlaqələrindən istifadə edir ki, Minsk Qrupu həmsədrləri ilə razılaşdırılmış yanaşmalar çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatında da həll yolları axtarılıb tapılsın.

- ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yarıtmaz olduğu barədə səslənən bəyanatlara münasibətiniz necədir?

- Nə mən, nə də həmsədrlik üzrə həmkarlarım münaqişənin 20 il ərzində həll olunmamış qalmasından məmnun deyilik. Lakin mən o fikirlə razı deyiləm ki, bunun səbəbi vasitəçilərin işinin effektivliyinin azlığıdır. Amerikalı və fransalı həmsədrlərlə birgə çalışırıq ki, münaqişənin nizamlanması prosesi mümkün qədər tez yekunlaşsın və tərəflər arasındakı münasibətlərdə sülh və sabitlik bərqərar olsun. Lakin bu işin bitmə tarixləri vasitəçilərin işindən daha çox tərəflərin siyasi iradəsindən asılıdır. Bilirəm ki, münaqişənin həlli ilə bağlı yeni danışıqlar meydançalarının, işçi qrupların yaradılması haqda təkliflər var. Hesab edirəm ki, Minsk Qrupunun fəaliyyəti və həmsədrliyi çərçivəsində unikal vasitəçilik təcrübəsi toplanıb. Qarabağ mövzusunun həssaslığını nəzərə almaqla, bu formatın dəyişdirilməsinə və paralel mexanizmlərin yaradılmasına yönəlik istənilən cəhdlər danışıqlar prosesinin pozulmasına və tərəflərin mövqelərində geriləməyə gətirib çıxaracaq.