İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı senator azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasını dəstəkləyir

Britaniyalı senator azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasını dəstəkləyir

22.09.2014

Böyük Britaniya parlamentindəki Liberal Demokratların aparıcı senatoru baronessa Zahidə Mənzur azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasını nəzərdə tutan “Many Happy Returns” (MHR) kampaniyasını dəstəkləyir.

Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, baronessa bu kampaniyaya dəstək verdiyni bəyan edib.

Dəstəyini www.manyhappyreturnsidp.com vasitəsilə açıqlayan Z.Mənzur deyib: “Azərbaycanlı didərginlərin vəziyyəti ilə bağlı məlumatların tirajlanmasında MHR kampaniyasına uğurlar arzulayıram. Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar”.

Qeyd edək ki, ingilissayağı təbrik mesajı əsasında adlandırılan “Many Happy Returns” kampaniyasının diqqət mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın dayanır. Bu kampaniya, həmçinin azərbaycanlı məcburi köçkün və qaçqınların öz evlərinə dönmək arzusuna istinad edir.

İnternet səhifəsində məşhur alman fotoqraf Filip Ratmer tərəfindən çəkilmiş və Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən yalnız 3-nün məcburi köçkünlərinə aid fotolar yerləşdirilib. Səhifədə qeyd olunur ki, 20 il öncə imzalanmış atəşkəs haqqında sazişə və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, torpaqları işğal olunanlar hələ də öz doğma torpaqlarına qayıda bilmirlər.

MHR internet səhifəsi eyni zamanda ictimaiyyətin üzvlərinə sadəcə 30 saniyə vaxtlarını ayıraraq BMT Dünya Qaçqınlar Gününün adının dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləməyə imkan yaradır.

Xatırladaq ki, Z.Mənzur 20 ildən artıqdır ictimai sektorda müxtəlif vəzifələrdə çalışıb və 8 ilə yaxındır İngiltərə və Uels üzrə Baş İcraçı və Hüquq Xidmətləri Ombudsmanı kimi fəaliyyət göstəriib. Bundan əvvəl isə o, İngiltərə və Uels üzrə Milli Səhiyyə Xidməti Siyasəti Şurasının üzvü olub. Baronessa hər zaman bərabərliyə əsaslanan cəmiyyətin inkişafına çalışıb. Kraliça II Elizabet onun irq və gender (cinsi bərabərlik) diskriminasiyası ilə bağlı mübarizəsini yüksək qiymətləndirərək 1998-ci ildə baronessanı Britaniya İmperiyasının Ordeni ilə təltif edib.