İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qarabağ həqiqətləri ABŞ tələbələrinin diqqətinə çatdırılıb

Qarabağ həqiqətləri ABŞ tələbələrinin diqqətinə çatdırılıb

27.09.2014

ABŞ-ın Nyu York ştatında yerləşən Sirakuz Universitetində sentyabrın 25-də Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, tədbir universitetin Maksvel Vətəndaşlıq və İctimai Məsələlər Məktəbində təşkil olunub. Maksvel Məktəbi ictimai siyasət sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəndir.

Tədbirdə universitetin tələbə və müəllim heyəti iştirak edib.

Universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə geniş mühazirə ilə çıxış edib.

N.Ağayev çıxışında, Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Baş konsul bildirib ki, Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın hazırkı Prezidenti S.Sarkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafı diqqətə çatdırıb. N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin olduqca məntiqsiz və gülünc olduğunu qeyd edib.

Bundan başqa, N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat verib. O, həmçinin Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib.