İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasına üzv ölkələrdən də yan keçmir

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasına üzv ölkələrdən də yan keçmir

02.10.2014

Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın problemi deyil. Bu kimi problemlər digər ölkələrdən, həmçinin Avropa Şurasına üzv ölkələrdən yan keçmir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında deputatların sualını cavablandırarkən deyib.

E.Məmmədyarov müzakirə edilən mövzulardan biri kimi Ukraynada baş verən böhranı da qeyd edib: "Dağlıq Qarabağa gəldikdə isə bu münaqişə 20 ildən çoxdur ki, başlayıb. Bu münaqişənin nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları Ermənistanın işğalı altındadır. Bütün bu ərazilər azərbaycanlılardan təmizlənib".

O bildirib ki, bu münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb: "Bu qrupa ABŞ, Rusiya və Fransa həmsədr ölkələri daxildir. Səmimi danışsaq, deyə bilmərəm ki, biz indiyədək hər hansı bir irəliləyiş əldə etmişik. Təəssüflər olsun ki, Azərbaycan torpaqları hələ də işğal altındadır. Məcburi köçkünlər öz doğma yerlərinə qayıda bilmirlər. Bu, bütün regionun təhlükəsizliyi üçün bir problemdir, stabil inkişafa zərər vurur. Biz hesab edirik ki, ən vacib elementlərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasıdır".

Nazir deyib ki, işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin mövcudluğu bir təhlükədir: "Hesab edirəm ki, hər kəs üçün sərfəli olan yol ondan ibarətdir ki, biz davamlı inkişaf üçün çalışmalıyıq".