Loading...
Azərbaycanın xarici işlər naziri İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini ilə görüşüb

06-03-2019

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə ölkəmizdə səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Kristina Marti Lanq Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin məhsuldar keçdiyini söyləyib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını qeyd edən xanım K.M.Lanq, Azərbaycanla İsveçrə arasında mövcud olan bu əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığını vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə təhlükəsizliyə əsas hədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə ətraflı məlumat verib. Ermənistan siyasi rəhbərliyinin son bəyanatlarının danışıqlar prosesinə ciddi xələl gətirdiyi vurğulanıb. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllinin bölgəyə və konkret olaraq Ermənistan əhalisinə gətirəcəyi faydanı, rifahı düşünmək əvəzinə, əsassız bəyanatlarla sülh prosesinə zərər verdiyi İsveçrə rəsmisinin diqqətinə çatdırılıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirələr aparıblar.