Loading...
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik

Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik

19-04-2019

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və/və ya ATƏT-in Minsk qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva KİV-lərə açıqlamasında bildirib.

Leyla Abdullayeva deyib: “Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.

Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”.