Loading...
Azərbaycan səfiri AEBA rəhbəri ilə görüşdə Metsamor AES-in təhlükəsizlik statusunun qiymətləndirilməsi məsələsini qaldırıb

Azərbaycan səfiri AEBA rəhbəri ilə görüşdə Metsamor AES-in təhlükəsizlik statusunun qiymətləndirilməsi məsələsini qaldırıb

21-07-2020

“Dünən - iyulun 20-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Direktoru Rafael Qrossi ilə Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi, səfir Qalib İsmayılov arasında görüş keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Leyla Abdullayeva deyib ki, görüş zamanı Azərbaycan səfiri son zamanlar Ermənistan tərəfindən Metsamor Atom Elektrik Stansiyası (AES) məsələsi ətrafında geniş spekulyativ məlumatlar yayıldığı, bununla da əslində Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamasını, bu ərazilərdə yaşayan əhaliyə qarşı etnik təmizləmənin həyata keçirilməsi faktından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhdi etdiyini qarşı tərəfə çatdırıb: “Xüsusilə də qeyd olunub ki, əslində Metsamor AES-lə bağlı məsələ sırf Ermənistan KİV-lində Azərbaycanın Mingəçevir Su Elektrik Stansiyasının hədəfə alınması məsələsinə cavab olaraq verilib. Bu məlumatlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Direktorunun diqqətinə çatdırılıb. Görüş zamanı Metsamor AES-in özünün təhlükəsizlik statusunun hərtərəfli qiymətləndirilməsi məsələsi də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qarşısında qaldırılıb. Çünki bu AES özünün köhnəlmiş infrastrukturu, Sovet İttifaqı məkanında ən köhnə və etibarsız olmaqla, bütün bölgə üçün təhlükə mənbəyidir”.