Loading...
“Təəssüflə vurğulamalıyam ki, Ermənistanın rəhbəri yalançıdır...”

“Təəssüflə vurğulamalıyam ki, Ermənistanın rəhbəri yalançıdır...”

19-04-2021

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın yaxın tərəfdaşı, “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan baş nazir Nikol Paşinyanın “adi yalançı” olduğunu bildirib.

Virtualaz.org xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində Levon Zurabyan Paşinyanın ötən həftə verdiyi açıqlamalara cavab olaraq belə deyib. Paşinyanın sözlərinə görə, 2018-ci ilin iyulunda Ter-Petrosyan onunla görüşəndə demişdi: “Torpaqları geri qaytarmağın vaxtıdır”.

Bu açıqlamaya əvvəlcə Ter-Petrosyan özünün sözçüsü Arman Musinyan vasitəsilə cavab verib, Paşinyanın yalan danışdığını bildirib: “Keçmiş prezident ölkəni bəlaya sürükləyən bu uğursuz adamın danışdıqalrına bundan artıq şərh vermək niyyətində deyil”.

 “Mən təəsüflə qeyd etməliyəm ki, Ermənistanın rəhbəri yalançıdır, çünki belə şey olmayıb. Üstəlik Nikol Paşinyan bu haqda çox qəti danışır. Bu, mütləq yalandır, həqiqətə uyğun deyil, belə şey olmayıb”,-indi isə Levon Zurabyan Paşinyanın dediklərinə münasibət bildirib.

Zurabyan qeyd edib ki, erməni dövlətinin rəhbərinin bu yalan danışmaq qabiliyyəti əslində milli təhlükəsizliyi təhdid edir, çünki o, təkcə daxili siyasətlə bağlı görüşlərdə deyil, xarici siyasi təmaslarda da bu stildən istifadə edir. “Bizim müharibə dövründə üzləşdiyimiz diplomatik fəlakət hansısa dərəcədə onun etibarsız adam olması, anlaşma əldə etmək qabiliyyətinin yoxluğu ilə bağlıdır”,-Levon Zurabyan deyib.

O, Paşinyanı Ter-Petrosyanın həmin sözləri işlətdiyinə dair hansısa sübut ortaya qoymağa çağırıb. “Əgər o deyirsə ki, Levon Ter-Petrosyandan sözbəsöz sitat gətirir, deməli dediklərini hansısa formada sübut edə bilər ki, belə şey olub...Amma yox, bu yalandır, doğru deyil, belə şey olmayıb, belə söz deyilməyib”,-o bildirib.

Virtualaz.org