Loading...
Oğlu Qarabağda şəhid olan maştağalı Mariya Karapetyan

Oğlu Qarabağda şəhid olan maştağalı Mariya Karapetyan

24-05-2021

Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri, bir qrup jurnalist və ekspertlərlə birlikdə işğaldan azad edilmiş ərazilərdə olan və Hadrutdan reportaj hazırlayan (həmin reportajın bir qismi barədə artıq yazmışıq,-red.) Qaliya İbrahimova Bakının Maştağa qəsəbəsində yaşayan erməni qadın Mariya Karapetyan-Əliyeva haqda da  bəhs edir. Belə ki, jurnalist Hadruta getməzdən əvvəl qadınla görüşüb. “Birinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə mənim böyük oğlum Samir də şəhid olub. Onun 19 yaşı vardı. Həmin yerlərdə olanda oğlumdan xatirə olaraq heç olmasa bir daş parçası gətirin”,-Mariya rusiyalı jurnalistdən Hadruta səfər ərəfəsində xahiş edib.

İndi onun yaşı 70-i haqlayıb, oğlu haqda danışmağa çətinlik çəkir. “Samir uşaqlıqdan hərbçi olmağı arzu edirdi. Məktəbdən sonra qaçıb gələrdi, məni qucaqlayıb deyərdi: “Ana, böyüyüb əsgər olacam və səni qoruyacam”. Naxçıvanski adına hərbi litseyə daxil oldu. Onu birinci Qarabağ müharibəsinin lap qızğın çağında orduya çağırdılar. Beləcə şəhid oldu”,-qadın deyir.

“Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında müharibə Mariya Yeqorovna üçün əsl şəxsi faciədir. O, milliyətcə ermənidir, amma bütün ömrünü Bakıda yaşayıb. Valideyinləri 1956-cı ildə Altay diyarından Azərbaycana köçüblər. Ailə Sibirə sürgün edilibmiş. Babası Gorusda böyük ev-eşiyini qoyub və Sibir buzlaqlarına üz tutub”,-reportajda deyilir.

Mariya Yeqorovna Bakıda azərbaycanlıya ərə gedib. Deyir ki, qonşuları həmişə ona xeyirxah yanaşıblar, onlardan heç bir pislik görməyib. Mariya iynə vurmağı, sistem qoşmağı öyrənib. O, əri ilə yaşadığı Maştağa qəsəbəsində xeyirxah tibb bacısı adını qazanıb. “Maşa elə gün olub ki, ətrafda 440 evə baş çəkib. Heç kimə yox deməyib”,-Mariyanın qonşusu deyir.

“Biz otuz üç ildir Mariya Yeqorovna ilə qonşuyuq. O, mənə uşaqlarıma baxmaqda kömək edib. Qarabağda müharibə başlayanda heç kim ona barmağını da vurmadı və demədi ki, ermənidir. Bizim üçün o, doğmadır”,-başqa qonşu əlavə edir.

 Mariya əmindir ki, müharibəni siyasətçilər başladıb. “Məmurlar ermənilərlə azərbaycanlıların genetik olaraq birgəyaşayışının mümkün olmadığını deyəndə təzyiqim qalxır, dərman atıram. Bu qədər illər ərzində birgə yaşadıq, indi genlərimiz ayrıdır? Qulağım kar olaydı, belə sözlər eşitməyəydi”,-o bildirir.

Mariya deyir ki, erməni olduğu üçün  90-cı illərin əvvəllərində onu Bakıdan qovacaqlarından qorxub, amma boş yerə. “Əksinə, məni qorudular. Mən heç gizlənmədim də. Müharibədə cavan oğlanlar ölürdü, mən qoca qadın həyatdan dördəlli yapışacam? Əlimdən gələn köməyi edirdim. Birlikdə ağlayırdıq, uşaqları dəfn edirdik”,-o sözlərinə davam edir.

 Rusiyalı jurnalist qeyd edir ki, Azərbaycanda hələ də 20 minə qədər erməni yaşayır. Mariya da vataşırı olaraq erməni rəfiqələri ilə görüşür, onlar da azərbaycanlılara ərə gediblər və Bakıda yaşayırlar.

Oğlu şəhid olanda hakimiyyət təklif edib ki, onu Bakının mərkəzində, Şəhidlər Xiyabanında dəfn etsinlər. Amma Mariya razı olmayıb, oğlunu evinə yaxın məzarlıqda dəfn edib ki, hər gün onun qəbrinə baş çəkə bilsin.

Virtualaz.org