Loading...
Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

Ermənistan Kəlbəcər istiqamətində tankları və 120 millimetrlik minaatanları işə saldı

28-07-2021

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir. Müdafiə Nazirliyi qeyd edir ki, bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.

"Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir. 

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır", - Müdafiə Nazirliyindən bildirilib. 

Müdafiə Nazirliyi qeyd edib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir. Lakin, buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Virtualaz.org