Loading...
Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə erməni vəhşiliyinin şahidi olublar

Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə erməni vəhşiliyinin şahidi olublar

31-06-2022

Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin azad olunmuş Kəlbəcər rayonuna səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi diplomatları ermənilər tərəfindən Kəlbəcər rayonunda törədilmiş dağıntıları, vəhşilikləri, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemləri diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaq olub.

Qonaqlara, həmçinin ermənilərin dini abidələrimizi təhqir etməsi ilə bağlı məlumat verilib. Diplomatik korpusun nümayəndələri, eyni zamanda, Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair barədə məlumatlandırılıb.

Nümayəndə heyəti əvvəlcə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində inşa edilməkdə olan Murovdağ tuneli ilə tanış olub. Qonaqlara görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolu layihəsinin 16-cı kilometrindən Murovdağ silsiləsi başlayır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsində 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisinin məqsədəuyğun hesab edildiyi diqqətə çatdırılıb.

Sonra səfər iştirakçıları “Azərişıq” ASC-nin 110-35-10 kV-luq “Kəlbəcər” yarımstansiyasına gəliblər. Qonaqlara yarımstansiyanın çox qısa müddətdə inşa edildiyi bildirilib, onun artıq fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Həmçinin bölgədəki hərbi hissələrin və infrastruktur layihələri həyata keçirən tikinti şirkətlərinin enerji ilə təmin olunduğu vurğulanıb.

Eyni zamanda, səfər iştirakçılarına “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası barədə məlumat verilib. Bildirilib ki, Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulub, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənib. Ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası yenidən fəaliyyət göstərir.

Səfər çərçivəsində xarici diplomatlar Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı “Tunel qırğını”nın törədildiyi Kəlbəcər-Laçın tunelində olublar. Burada tədqiqatçı-jurnalist, Tunel və Başlıbel qırğınları mövzularında sənədli televiziya filmlərinin müəllifi Vüsalə Məmmədova, “Tunel qırğını” şahidi Ramil Hüseynov, Başlıbel faciəsinin şahidi Habil Ələsgərov diplomatik korpusun nümayəndələri qarşısında qısa təqdimat ediblər. Qonaqlara törədilmiş qətliamlar barədə məlumat verilib, Kəlbəcər-Laçın tunelindəki qırğının Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədildiyi bildirilib. Qadın, yaşlı, uşaq da daxil olmaqla, ümumilikdə 53 nəfərin qətlə yetirildiyi, 64 nəfərin əsir götürüldüyü vurğulanıb.

Eyni zamanda, 1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində Ermənistan hərbçiləri silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) sığındıqları yerdə öldürülüb. Qeyd edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və onlardan canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişdiyi istintaq materialları ilə müəyyən olunub.

Daha sonra qonaqlar Kəlbəcər şəhərinə gəlib, erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən infrastrukturla tanış olublar. Burada məscid, bayraq meydanı, tarixi-diyarşünaslıq muzeyi, qədim daş heykəllər və şahmat məktəbinin binasının dağıntılarının şahidi olan nümayəndə heyətinə şəhərin tarixi, dağıdılmış binalar barədə məlumat verilib, erməni işğalından əvvəl burada çəkilmiş şəkillər göstərilib.

Qonaqlara, həmçinin şəhərdə Kəlbəcər balı təqdim olunub. Nümayəndə heyəti Kəlbəcərdə aşıq musiqisini dinləyib.

Sonda səfər iştirakçıları “İstisu” sanatoriyasına gəliblər. Nümayəndə heyətinə erməni vandalları tərəfindən ərazilərimiz işğal olunandan sonra oradakı təbii sərvətləri də istismar edildiyi bildirilib. Vurğulanıb ki, İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriyası salınıb. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə bütün dünyada tanınıb.

Bununla da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər səfəri başa çatıb.

Azertac.az