Dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli, səmimi və qətiyyətli olmalıdır.
Trend-in məlumatına görə, bunu “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu zamanı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.
O bildirib ki, özgə torpaqlar işğal olunduğu müddətdə sülh və təhlükəsizliyə nail olmaq mümkün deyil: “Bu, beynəlxalq hüquqa, dini təlimlərə, etika və mənəviyyata ziddir”.
Əl-Tuveycri əlavə edib ki, problemin həlli üçün beynəlxalq hüququ tətbiq etmək lazımdır:
“Dünya indi problemlərlə doludur – Fələstin, Dağlıq Qarabağ, Cammu və Kəşmir, Myanma. Çoxlu sayda insan əziyyət çəkir, amma dünya ictimaiyyəti sadəcə bunu müşahidə edir və bir qədər kömək göstərir”.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.